“Kavkazski uzel”in məlumatına görə, Enqur SES-də qəza baş verib və
buna görə stansiyanın işi müvəqqəti olaraq dayandırılıb.
Abxaziyada enerji çatışmazlığı ilə əlaqədar aprelin 7-də elektrik
enerjisinin 6 saatlıq kəsilməsi rejimi tətbiq edilib.
“Çernomorenerqo” şirkətinin mətbuat xidmətindən verilən məlumata
görə, qəza Enqur SES dərinlik tunelinin səkkizinci kilometrliyində
baş verib. Beton divar zədələnib, onun parçaları turbin bölməsinə
düşüb.
Su elektrik stansiyasında baş verən qəzadan sonra gündə altı saat -
səhər, günorta və axşam iki saat elektrik enerjisinin kəsilməsi
qərara alınıb. Hazırda qondarma respublikaya elektrik enerjisi
Rusiyadan verilir.
İlkin məlumata görə, bərpa işləri aprelin 15-dək davam edəcək.
“Enqur SES” həm gürcü, həm də abxaz tərəfini elektrik enerjisi ilə
təmin edir. “Enqur SES” bu gün Abxaziya və gürcü tərəfləri arasında
müharibə başa çatdıqdan sonra heç kimin mübahisə etmədiyi yeganə
real təmas nöqtəsidir. SES-də bərpa işlərini və infrastrukturu
təmin etmək üçün gürcü tərəfi tam maliyyələşdirməni [Qərb
təşkilatlarının maliyyə yardımı ilə] öz üzərinə götürüb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.