Azərbaycanda aparıcı dövlət şirkətlərinin səhmləşdiriləcəyi və
səhmlərinin bir hissəsinin satışa çıxarılacağı gözlənilir.
Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev
Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə
və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il ərzində iri dövlət şirkətlərində,
xüsusən
SOCAR, "AzerGold" QSC, BakTelecom, AzTelekom və
Azərbaycan Beynəlxalq Bankında (ABB) dövlət səhmlərinin
bir hissəsinin özəl investorlara satışına dair təkliflər
hazırlanacaq.
"Ötən ilin sonunda Azərbaycan Respublikasının
Prezidenti "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl
investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında"
Sərəncam imzalayıb. Sərəncama əsasən, bütün dövlət müəssisələri
üzrə təkliflər hazırlayırıq. Söhbət səhmlər paketinin satışından
gedir, birbaşa özəlləşdirmədən yox", - M.Eynullayev
deyib.
Onun sözlərinə görə, səhmləşdirmə SOCAR-ın "Azərkimya" İstehsalat
Birliyi (İB), Etilen-propilen zavodu, Metanol və Karbamid zavodları
kimi strukturları ilə əlaqəli ola bilər.
"Hazırda səhmlərinin 100 faizi dövlətə məxsus olan
istehsalat birlikləri və QSC-nin səhmlərinin alışında yerli və
xarici investorlar iştirak edə bilər. Dövlətin payları azaldılacaq.
Hazırda hər bir QSC və İB üzrə təkliflərin hazırlığı üzrə iş gedir
və bu doqquz ay çəkə bilər", - o deyib.
M.Eynullayev qeyd edib ki, hökumət özəlləşdirmə prosesinə xarici
investorları cəlb etməkdə maraqlıdır, lakin onlar üçün torpaq
hüququ ilə bağlı məhdudiyyətlər qalmaqda davam edir (yalnız icarəyə
götürə bilərlər).
Mənbə: trend.az