Navalnının anası: "Alekseyi gizli dəfn etmək istəyirlər"
Fevralın 16-da Yamaldakı cəzaçəkmə koloniyasında dünyasını dəyişən müxalif siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnaya video-müraciətində oğlunun cəsədinin ona göstərildiyini və hakimiyyətin onu gizli şəkildə dəfn etmək niyyətində olduğunu bildirib.

Lyudmila Navalnayanın video-müraciətində bildirdiyinə görə, o, Rusiya İstintaq Komitəsinin Salexarddakı qərargahında müstəntiqlər və kriminoloqlarla təkbətək bir gün keçirib.

"Dünən gecə məni gizli şəkildə morqa apardılar və orada Alekseyi göstərdilər. Müstəntiqlər iddia edirlər ki, ölümün səbəbini bilirlər, və gördüyüm bütün tibbi və hüquqi sənədlər hazırdır. Mən tibbi ölüm şəhadətnaməsinə imza atmışam".

Lyudmila Navalnaya onu da vurğulayıb ki, qanuna görə, hakimiyyət Navalnının cəsədini ona dərhal verməli idi, lakin indiyədək bunu etməyib.

"Əvəzində məni şantaj edir, mənə Alekseyi harada, nə vaxt və necə dəfn etməli olduğumla bağlı şərtlər qoyurlar. Bu, qanunsuzdur. Mənim yanımda ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmrlər alırlar. Onlar bunu [Navalnının dəfnini] vidalaşmadan, gizli şəkildə həyata keçirilməsini, məni qəbiristanlığın kənarındakı, təzə məzara aparıb "oğlunuz buradadır" demək istəyirlər" - deyə, müxalifətçinin anası bildirib.

Navalnaya deyib ki, siyasətçinin dəfn mərasiminin açıq keçirilməsini və onu dəstəkləyən hər kəsin onunla vidalaşmasını istəyir.

O, "Mən bu videonu onlar məni hədələməyə başladıqları üçün çəkirəm. Gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədi ilə nəsə edəcəklər. Müstəntiq Voropayev mənə açıq şəkildə "Zaman keçir, meyit çürüyür. Mən heç bir xüsusi şərt istəmirəm. Sadəcə olaraq hər şeyin qanun çərçivəsində olmasını istəyirəm. Oğlumun meyitinin dərhal mənə qaytarılmasını tələb edirəm" deyib.

Öz növbəsində, Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, Lyudmila Navalnayaya göstərilən tibbi rəydə siyasətçinin səhhətindəki problemlər səbəbindən öldüyü göstərilib.

Bundan əvvəl Present Time nəşrinə müsahibəsində reanimatoloq Aleksandr Polupan bildirib ki, Aleksey Navalnının cəsədi qohumlarının razılığı olmadan yandırıla bilər.

Print Email
FaceBook Twitter Google