8 mart tarixində Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə
İslamofobiya ilə mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans
işə başlayıb.
15 mart - İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan
konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun
və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların
ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, martın 15-nin “İslamofobiya ilə Beynəlxalq Mübarizə
Günü” olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam
Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger
Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə
martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul
edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Müxtəlifliyin
qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda
keçirilən beynəlxalq konfransın iştirakçılarına aşağıdakı müraciəti
ünvanlayıb:
"Hörmətli konfrans iştirakçıları.
Sizi “Müxtəlifliyin qorunması: 2024-cü ildə
İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq
konfransda salamlayıram. Bugünkü tədbirin İslam aləmi üçün mübarək
Ramazan ayının başlaması və “İslamofobiya ilə Beynəlxalq Mübarizə
Günü” ərəfəsində keçirilməsi rəmzi məna kəsb edir.
Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə
artmaqdadır. İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının,
müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin
gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə
Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi
dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət
hallarının çoxalması dərin narahatlıq doğurur.
Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab
edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini
təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam
təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiyanın
ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq
olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız
“Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s)
karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz
azadlığı kimi qələmə verilir. Fransa özünün ənənəvi neokolonializm
siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və
diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar
təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və
azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları
və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman
mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda
təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.
Müsəlmanların hisslərini təhqir edən bu cür təzahürlərlə mübarizə
aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin
ölkələrin hökumətləri islamofob əhvali-ruhiyyəni daha da
qızışdırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi
mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar.
Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb
təsisatları da anti-İslam fəaliyyətini həyata keçirirlər. Bu gün
Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası
islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət
yürüdən platformalara çevrilmişdir.
Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının
fəaliyyətində də özünü büruzə verir. Bu qurumlar tərəfindən İslam
dininə, İslam mədəniyyətinə qarşı məqsədyönlü şəkildə fəaliyyət
aparılır, İslamın gerçək mahiyyətini təhrif etməklə onu terrorla
eyniləşdirmək, ləkələmək və qaralamaq cəhdləri həyata
keçirilir.
Biz vüsət almaqda olan və dinimizi gözdən salmağa yönəlmiş bu
meyilləri qəti şəkildə pisləyirik. İslam sülh, mərhəmət, dözümlülük
və ədalət dinidir. Dünya xəritəsinə baxdıqda, terrordan ən çox
əziyyət çəkənlərin məhz müsəlmanlar olduğunu görə bilərik.
Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir. Ermənistan
tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından
biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam
dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin
araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan
edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər
getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin
çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə
yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini
ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının
dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi
istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların
saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız
bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir
edir.
Eyni zamanda, Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam
tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur.
Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində
dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin
qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki
missiyanın göndərilməsinə çağırış etmişdir. Əfsuslar olsun ki,
UNESCO indiyə kimi bu çağırışa cavab verməmişdir.
Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə
fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri
əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli
sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan
xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək,
təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət
siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm
dəyərlərinin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir.
Azərbaycan müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri
dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə
sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı
olaraq bir çox qlobal təşəbbüslər irəli sürür. May ayında Bakıda
keçiriləcək və artıq yaxşı ənənəyə çevrilmiş Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunələrindəndir.
XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır.
Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və
ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi
məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və
qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda,
insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum
edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib
çıxarır.
Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan
islamofobiya ilə mübarizə əzmini nümayiş etdirir. Əminəm ki,
konfrans islamofobiyaya qarşı birgə səylərlə mübarizəyə, dinlərin
və inancların müxtəlifliyinə hörmətə əsaslanan tolerantlıq və sülh
mədəniyyətinin təşviqi ilə bağlı yeni təşəbbüslərin irəli
sürülməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar
diləyirəm", – Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bildirib.