ABŞ ordusu "Ənsar Allah" hərəkatının husi üsyançıları tərəfindən
Yəmən ərazisindən atılan iki pilotsuz uçuş aparatını (PUA)
zərərsizləşdirib.
“Report”un xəbərinə görə, bu barədə ABŞ-nin Silahlı Qüvvələrinin
Mərkəzi Komandanlığı məlumat verib.
"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və
koalisiya gəmisi husilərin nəzarətində olan Yəmən ərazisindən
atılan iki PUA-ya uğurla hücum edib və məhv edib", -
komandanlığın “X”dəki paylaşımında qeyd edilir.
Bildirilir ki, husilər ABŞ-ın Qırmızı dənizdəki “Laboon” gəmisinə
doğru ballistik raket buraxıblar. Hər hansı zərər və xəsarətlər
barədə məlumat verilmir.
Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra "Ənsar Allah"
hərəkatı xəbərdarlıq edib ki, İsrail ərazisinə zərbələr endirəcək,
Fələstin anklavında əməliyyat dayandırılana qədər onunla bağlı
gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazının sularından
keçməsinə icazə verməyəcək. Ötən ilin noyabr ayının ortalarından
etibarən husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki
gəmiyə hücum ediblər.
"Ənsa Allah"ın hərəkətlərinə cavab olaraq ABŞ hakimiyyəti
beynəlxalq koalisiyanın qurulduğunu və Qırmızı dənizdə naviqasiya
azadlığını, gəmilərin qorunmasını təmin etmək üçün “Prosperity
Guardian” əməliyyatının hazırlandığını açıqlayıb.