Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası
münaqişələrin həlli üçün müsbət nəticələr verəcək.
Bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası”
mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz regionunda baş verən
dəyişikliklər yerli xarakterli görünə bilər, lakin əslində onların
daha geniş nəticələri var, çünki son bir ildə əsas geosiyasi
dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam
bərpası olub.
“Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir və
məncə, həlledilməz görünən münaqişələrin həlli üçün çox müsbət
nəticələr verəcək”, - deyə o bildirib.
Əliyev eyni zamanda qeyd edib ki, Azərbaycan Ermənistanla sülhə
həmişəkindən daha yaxındır.
“Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər
yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin
nəticəsidir”, - Əliyev bildirib.
Bu il Bakı Qlobal Forumunun mövzusu “Parçalanmış dünyanın
bərpası”dır.