Marneuli, Qardabni və Qaraçöpdən olan idmançılar Antalya şəhərində keçirilən peşəkar yarışda iştirak ediblər (FOTO/VİDEO)
29 aprel tarixində Türkiyənin Antalya şəhərində peşəkar yarış keçirilib. Həmin yarışda Gürcüstan idmançıları da iştirak ediblər. “Korkutan Fayt Arenada” baş tutan yarışda Marneuli, Qardabani və Qaraçöpdən olan idmançılar öz güclərini sınayıblar. Yarışda iştirak edən 15 idmançının hər biri vətənə qələbə ilə qayıdıblar.

Marneuli bələdiyyəsinin Böyük Muğanlı, Kürtlər və Kəpənəkçi kəndlərində fəaliyyət göstərən “Cəlil Səfərov” adına
idman klubundan yarışda üç idmançı iştirak edib. Onların hər biri qələbə qazanıblar. Klubun rəhbəri və baş məşqçisi Namiq Səfərovun sözlərinə görə, onun tələbələri yaxşı nəticələr əldə ediblər. İndi onlar hal-hazırda növbəti yarışlara hazırlaşırlar.

“Yarışa komanda şəkilində getdik və qalib olduq. Mənim idman klubumdan gedən üç nəfərin hər biri qalib oldular. 60 kq çəki dərəcəsində Ruslan Bayramov, 45 kq çəkidə Rəvan Koxayev və 25 kq çəkidə Nazim Səfərov birinci yerə çıxdılar. Yarış gözəl keçdi. Gürcüstandan gedən komandaların hamısı qalib gəldi. İyunda yeni yarışlara dəvət almışıq. Bundan başqa Azərbaycan və Türkiyədə keçiriləcək yarışlara da dəvət edilmişik. Hər birini indi dəyərləndiririk. Mənim idman klubum üç kənddə - Böyük Muğanlı, Kürtlər və Kəpənkçidə fəaliyyət göstərir. Hal-hazırda 100-dən artıq tələbəmiz var”, – Namiq Səfərov dedi.

Marneulini dəfələrlə yerli və beynəlxalq yarışlarda təmsil edən Ramil Mehdiyev də Antalyada öz gücünü sınayıb. Peşəkar yarışda döyüşən Mehdiyev öz rəqibinə nokautla qalib gəlib.

“Mən peşəkar yarışda döyüşdüm. 73 kq çəki dərəcəsində öz gücümü sınadım. Rəqibim türk idmançısı idi. Onu raundun ilk 15 saniyəsində nokaut etdim. Mənə iki dəfə mükafat verdilər. Yarışda mənim tələbəm Mülkədar Tanrıverdiyev də iştirak edirdi. O, Ukraynalı rəqibini 2-0 hesabı ilə məğlub etdi. Birinci yerə layiq görüldü. 8 iyunda yenidən məni yarışa dəvət ediblər. Yenə də döyüşəcəyəm. Yarış İstanbulda keçiriləcək. İstəyirəm ki, xalqım mənə dəstək olsun. Mənə dəstək olsunlar ki, daha böyük yarışlarda döyüşüm”, – Ramil Mehdiyev “Marneuli” radiosuna bildirdi.

Qaraçöp icmasında fəaliyyət göstərən “Əfqan Döyüş Klubu”nun 4 idmançısı yarışda iştirak edib. Onlar da bu yarışda yüksək nəticələr əldə ediblər. Klubun baş məşqçisi İbrahim Məmmədovun sözlərinə görə, onun idmançıları üçün yarış uğurlu olub.

“4 idmançı aparmışdım. Onların 3-ü həvəskar, 1-i isə peşəkar idmançı idi. Apardığım idmançıların hamısı qalib oldu. Peşəkar yarışda döyüşən Emil Kazımov nokautla qalib gəldi. Bu mənim üçün çox gözəl bir duyğu və hissdir. Əziyyətimizin bəhrəsini gördük. Növbəti yarışlara getmək üçün məşqlərə başladıq. İndi döyüşdüyümüz liqanın avqust ayında ikinci mərhələsi olacaq. İndi həmin döyüşlərə hazırlaşırıq. Allahın köməkliyi ilə o yarışda da iştirak edəcəyik”, – İbrahim Məmmədov dedi.

6 idmançı ilə yarışa qatılan “Qardabani Fight Kickboxing” klubunun məşqçisi Hacı Vəliyevin dediyinə görə, o, idmançılardan yüksək nəticələr qazanacağını gözləyirmiş.

“Türkiyədə keçirilən yarışda mənim idman klubumdan 6 idmançı iştirak edirdi. Nihad Sofiyev, Ümit Mustafayev, Kərim Vəliyev, Caner Məmmədov, Qoşqar Çobanəliyev və Elnar Vəliyev qalib oldular. Yüksək nəticələr qazanacağımızı gözləyirdim. Tələbələrim əziyyət çəkirdilər və gündə iki dəfə məşq edirdilər. Növbəti yarışlara da hazırlaşırıq. Ümid edirəm ki, gələcək yarışlarda da böyük uğurlar qazanacağıq”,
– Hacı Vəliyev dedi.

Yarışda iştirak edən Gürcüstan idmançıları vətənə medal və kuboklarla qayıdıblar.




Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google