Marneulidə "Dostluq" futbol turniri keçiriləcək
Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Dostluq" futbol turniri keçirləcək. Turnir 16,17,18 iyun tarixlərində Marneuli rayonunun Qızılhacılı idman kompleksində baş tutacaq.

Açılış mərasimi 16 iyun tarixində olacaq və tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Marneuli və Bolnisi bələdiyyəsinin yerli özünü idarəetmənin əməkdaşları, klub rəhbərləri, ictimai şəxslər, qonaqlar
və maraqlanan şəxslər iştirak edəcəklər.

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin rəhbəri Rezo Həsənovun sözlərinə görə, turnirin məqsədi gürcü və azərbaycanlı gənclər arasında inteqrasiya yaratmaqdır.

"Turnir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib. İdmanın dostluq rəmzi olduğu üçün bu cür turnir təşkil etdik. Məqsədimiz gürcü və Azərbaycan gəncləri arasında inteqrasiya yaratmaqdır. Turnirdə 14,15,16 yaşlılardan ibarət komandalar olacaq".

Turnirdə 8 komamda iştirak edəcək. Dmanisinin "Qaraçay" klubu, Bolnisinin "Sabah" İdman klubu, Marneulinin "Olimp", "Qızılhacılı" və "Görarxı" komandaları, Tbilisinin "Krcanisi", Qardabanin "Teola" və "Manqilisi" komandaları iştirak edəcəklər.

Sonda qaliblərə kubok, medal, diplom və həvəsləndirici hədiyyələr veriləcək. İlk üç yerin qaliblərinə medal, sertifikat təqdim olunacaq. Digər iştirakçılara isə təşəkkürnamələr veriləcək.

Turnir "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komtəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilir.

Print Email
FaceBook Twitter Google