Marneulidə Tengiz Naverianinin xatirəsinə həsr olunmuş çempionat keçirilib
17 iyun tarixində Marneulinin Tamarisi kəndinin idman mərkəzində Tengiz Naverianinin xatirəsinə həsr olunmuş gürcü güləşi üzrə Gürcüstan çempionatı keçirilib. Çempionat Marneuli Bələdiyyəsinin İdman Məktəbi və Gürcüstan Milli Güləş Federasiyasının təşkilatçılığı ilə baş tutub. Bu barədə məlumat Marneuli İdman Məktəbinin "Facebook" səhifəsində paylaşılıb.

Məlumata görə, Gürcüstanın müxtəlif bölgələrindən 31 komandanı təmsil edən 160-a yaxın idmançı iştirak edib.

2010-2011-ci
il təvəllüdlü idmançılar arasında keçirilən turnirin çempionu və Tengiz Naveriani kubokunun sahibi Tbilisinin “Lidri” komandası olub. İkinci yerə Tbilisinin “Muxiani” komandası, üçüncü yerə isə “Xaşuri” komandası çıxıb.

Çempionatın sonunda qalib komandalara medal və diplomlar verilib.

Tədbirdə Gürcüstan Milli Güləş Federasiyasının prezidenti Gela Beruaşvili, Gürcüstan Milli Cüdo Federasiyasının vitse-prezidenti Davit Kevxişvili, İdman Jurnalistikası Assosiasiyasının üzvü, gürcüstanlı güləş üzrə tədqiqatçı Qabriel Barcadze, Marneuli İdman Məktəbinin direktoru Mamuka Naveriani və maraqlanan şəxslər iştirak ediblər.

Qeyd edək ki, gürcü güləşi UNESCO tərəfindən dünyanın qeyri-maddi mədəni irsi siyahısına salınıb. Bu cür turnirlərin keçirilməsində əsas məqsəd gürcü güləşinin təbliği və gələcək nəslə ötürülməsidir.


Print Email
FaceBook Twitter Google