III Avropa Oyunlarında Gürcüstanı təmsil edəcək 99 idmançı arasında Sahil Allahverdiyev və Emil Xəlilov da var (FOTO)
Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında Gürcüstanı 16 idman növü üzrə 99 idmançı təmsil edəcək. Bu barədə Gürcüstanın Milli Olimpiya Komitəsi məlumat yayıb. Məlumata görə, onlar arasında iki etnik azərbaycanlı da var. Onlardan biri boksçu Sahil Allahverdiyev, digəri isə kikboksçu Emil Xəlilovdur. 16 iyun tarixində Gürcüstan Milli Olimpiya Komitəsində idmançıların beynəlxalq yarışlara yola salınması və
andiçmə mərasimi keçirilib.

51 kq çəki dərəcəsində mübarizə aparacaq 24 yaşlı Sahil Allahverdiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun əsas məqsədi Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.

“Üçüncü Avropa Oyunlarında iştirak etmək mənim üçün gözəl bir hissdir. Hədəfim Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Mənim çəkimdə sadəcə 1-ci və 2-ci yerə lisenziya verilir. Avropa Oyunlarında lisenziya götürə bilmək üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, mən buna hazıram”.


Kikboksçu Emil Xəlilov “Qaracalar” idman klubunun idmançısıdır. Onun sözlərinə görə, bu yarışda iştirak edəcəyi üçün çox sevinir.

“Mənim üçün bu yarışda iştirak etmək qürurverici bir hissdir. Bu günə qədər Gürcüstanda, gürcülərin içində belə bir yarışda iştirak etmək imkanı qazandım. İnşallah yaxşı nəticə göstərəcəyimə inanıram. Hazırlığım çox yaxşı gedir. Şəxsi məşqçim İsfahan Əliyevlə birlikdə hazırlaşıram”.


Gürcüstan Milli Olimpiya Komitəsində idmançıların üçüncü Avropa Oyunlarına yolasalma mərasimində idman nazirinin müavini İoseb Baqaturia, Gürcüstan Milli Olimpiya Komitəsinin üzvləri, hazırkı və veteran idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Gürcüstan idmançıları adından boksçu Laşa Quruli Olimpiya andı içib.

Qeyd edək ki, III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21-30 iyunda Belarusun paytaxtı Minskdə keçirilib.

Xatırladaq ki, Sahil Allahverdiyev Tbilisidə anadan olub. 11 yaşından boksla məşğul olmağa başlayıb. Məşqçisi isə Fizuli Ələkbərovdur. Allahverdiyev 15 yaşında iki dəfə Gürcüstan birinciliyini qazanıb. 2016-cı ildən isə Avropa çempionatlarında iştirak edir və qələbələr qazanıb. Digər idmançı Emil Xəlilov isə Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə İsfahan Əliyevdir. Emil Xəlilov bir sıra xarici ölkədə yarışlarda iştirak edib və uğurlar qazanıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google