Qardabanili idmançı Emil Xəlilov Kambocada muaytay üzrə peşəkar rinqə çıxacaq
Gürcüstanlı idmançı Emil Xəlilov 17 fevral tarixində Kambocada muaytay üzrə peşəkar rinqə çıxacaq. Onun rəqibi kambocalı idmançı Soth Bunthy olacaq.

Bu barədə “Marneuli” radiosuna “Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyev məlumat verdi. Onun sözlərinə görə, Gürcüstan tarixində ilk dəfədir ki, muaytay və kikboks üzrə döyüşdə ölkəni Kombocada onun tələbəsi təmsil edəcək.

“Ölkəmizi bu günə qədər Kambocada idman sahəsində təmsil edən olmamışdı. Peşəkar muaytay üzrə döyüş dünyanın bir çox ölkəsində televiziya vasitəsi ilə canlı yayımlanacaq. Bu cür idmançımıza dövlətimiz və millətimiz tərəfindən dəstək olmalıdır. Emil Xəlilov bu günə qədər Tailandda qalaraq çoxlu məşqlər edib. Əmək verərək bu yarışa hazırlaşıb. Bilməlisiniz ki, Emil öz qələbələrinin ardınca getdiyi bu yolda maddi çətinliklərlə qarşılaşır. Ölkəsini layiqincə təmsil etmək üçün mübarizə aparır. İdmançımızın maddi durumunun zəif olması onun Tailandda hazırlıq keçməsinə və döyüşdə iştirak etməsinə maneçilik törədir. Emilin Tailandda döyüşə hazırlaşmasına və döyüşə qatılmasında onun məşqçisi və yaxın dostu Kənan Bayramov dəstək olmuşdu. Bu cür idmançıya xalqımızdan və dövlətimizdən maddi və mənəvi dəstək gözləyirik”, – Qardabanili məşqçi İsfahan Əliyev dedi.

Qeyd edək ki, Emil Xəlilov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə İsfahan Əliyevdir. Emil Xəlilov bir sıra xarici ölkədə yarışlarda iştirak edib və uğurlar qazanıb.

Print Email
FaceBook Twitter Google