Gürcüstan 2024-cü ildə Bakı-Supsa marşrutu üzrə neftin nəqlinin
bərpasına ümid bəsləyir.
Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazir Levan
Davitaşvili deyib.
Qeyd edək ki, bu kəmərlə müntəzəm yanacağın tədarükü 2022-ci ildə
dayandırılıb.
Nazirin sözlərinə görə, Gürcüstan illik 1 milyon ton tranzit
həcminə çatmağı gözləyir: “Neft kəmərinin istifadəsi ilə bağlı
Azərbaycan tərəfinin mövqeyi çox vacibdir. Burada biz intensiv
dialoq aparırıq, çünki bu kəmər 1999-cu ilin yazından Azərbaycan
nefti üçün fəaliyyət göstərir. Hazırda Qazaxıstan neftinin oradan
tranziti müzakirə olunur, lakin bu neft başqa növdür. Hesab edirəm
ki, indi biz əsas məsələlərdə qərarlıyıq və ümid edirik ki, bu il
neft hasilatına başlanacaq. Gələcəkdə bu kəmərlə bir milyon tondan
çox neftin nəql olunacağı gözlənilir”.
Azərbaycanın Energetika Nazirliyi də təsdiqləyib ki, Bakı-Supsa
marşrutu üzrə neftin nəqlinin bərpası bu il başlaya bilər. Bu neft
kəməri ilə illik 5 milyon tona qədər yanacaq nəql edilə bilər.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən “Çıraq” yatağından yanacağın
daşınması üçün Bakı-Supsa neft kəmərindən istifadə edir. 2022-ci
ilin yazında nəqliyyat problemlərinə görə bu marşrut üzrə yanacaq
tədarükünün dayandırılması qərara alınıb. Hazırda bütün Azərbaycan
nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur.
Xatırladaq ki, ötən il Azərbaycan Qazaxıstana Bakı-Supsa kəməri
vasitəsi ilə ildə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif
edib. Bunun “Kaşaqan” yatağından çıxarılan neft olacağı ehtimal
olunurdu. 2023-cü ildə Qazaxıstan neftinin BTC marşrutu ilə
tədarükü 5,5 dəfə artaraq 1 milyon 392 min tona çatıb.
Qeyd edək ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal
terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa
limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir.