Həmrəylik Muzeyinin rəhbəri Elnur Əlisoy Polşanın muzeylərindən
birində Borçalı xalçaları haqqında təqdimat edib.
Onun qeyd etdiyinə görə, öz layihəsi çərçivəsində Varşavanın Asiya
və Sakit Okean Muzeylərində məruzə etmək imkanı olub. Layihəni
Avropa İttifaqı maliyyələşdirir.
Elnur muzeydə sərgiləmək üçün Gürcüstandan iki Borçalı xalçası
aparıb. Əlisoy iştirakçılara ornamentlər, rənglər və kompozisiya
haqqında danışıb. Bu isə iştirakçıların böyük marağına səbəb
olub.
“Həmrəylik Muzeyinin adı ilə mən, rəhbər olaraq Avropa
İttifaqı layihəsinə təklif göndərdim. Bu mədəniyyət sahəsində
işləyən adamların səfərbərliyidir. Həmrəylik Muzeyinin adı ilə
layihə təqdim etdim ki, Polşada Asiya və Sakit Okean muzeyləri var,
burada tekstillərin təqdimatı ilə əlaqədar təcrübə toplaya bilərəm.
Mən orada olduğum zaman Borçalı xalçalarının təqdimatını təklif
etdim. Mütəxəssislər və digər dəvət edilmiş qonaqlar var idi. Çox
maraqlı oldu. Gürcüstan azərbaycanlı icmasının kimliyi və
özünüdərki məsələsi haqqında danışdım. Eləcə də Borçalı
xalçalarının dizaynı və hər bir xalçanın piktorqramasının
kombinasiyasının nəyi nəzərdə tutmasından söhbət açdım. Mən oraya
iki xalça aparmışdım. Biri mənim özümün qismən toxuduğum “Həyat
ağacı” idi. Digəri isə Qaraçöpün müasir dizaynda olan ibadət
xalçası idi. Gürcüstan Mədəniyyət Nazirliyinə, Abidələrin Müdafiəsi
üzrə Milli Agentliyin əməkdaşlarına minnətdarlığımı bildirirəm ki,
tez zamanda xalçaları buraya gətirməyə icazə
verdilər”, – Elnur Əlisoy bildirdi.
Elnur Əlisoyun sözlərinə görə, təqdimat başa çatdıqdan sonra
iştirakçılar Borçalı xalçalarının Polşa muzeylərində də
sərginlənməsi istəklərini bildiriblər. Əlisoy Polşanın bir neçə
universitetində də görüşlər keçirib, görüşlərdə Novruz bayramı ilə
əlaqədar söhbət açıb.