Marneulili müğənni Şaban Məmmədov 29-30 iyul tarixlərində Oni
bələdiyyəsində keçirilən "İveria Brilliant" adlı beynəlxalq
festivalda "Qran-Pri" mükafatına layiq görülüb.
O, festivalda Gürcüstanı təmsil edib.
Məmmədovun ifası münsiflər heyəti tərəfindən bəyənilərək "Qran-Pri"
mükafatına layiq görülüb. Məmmədov "Marneuli" radiosu ilə söhbəti
zamanı bildirdi ki, o, bu yarışda qazandığı uğura görə, Polşada
keçiriləcək festivala dəvət alıb.
"Mən festivalın əsas "Qran-Pri" mükafatını qazandım və
Polşada keçiriləcək festivala da dəvət aldım. İlk öncə
festival-müsabiqənin rəhbəri olan Nuqzar bəy Çiaberaşviliyə və
bütün jüri heyətinə öz dərin təşəkkürümü bildirirəm.
Festival-müsabiqədə iki mahnı ifa etdim. Birinci vətənpərvər mahnı
idi, ikinci mahnım isə duet oldu. Duetdə mənimlə Gürcüstanın
tanınmış müğənnisi və hər kəs tərəfindən çox sevilən Tamriko xanım
Meçiauri oxudu. Bizim duetimiz həqiqətən də çox emosional idi və
hər kəs tərəfindən çox bəyənildi. Öz ölkəmi təmsil etmək və eləcə
də ölkədən kənarda Gürcüstanı təmsil etmək mənim üçün çox böyük bir
hissdir. Təbii ki, uğur qazandığım üçün çox
sevincliyəm".
Qeyd edək ki, Gürcüstan Patriarxının dəstəyi ilə keçirilən
beynəlxalq festival fiziki cəhətdən məhdud imkanlı şəxslər üçün
nəzərdə tutulub. Məhdud imkanlı şəxslərin beynəlxalq mahnı, rəqs və
incəsənət festivalı artıq 6 ildir ki, Gürcüstanın müxtəlif bölgə və
şəhərlərində keçirilir.
Bu il keçirilən "İveria Brilliant" yarışmasında Gürcüstanla yanaşı
Ukrayna, Litva, Türkiyə, Almaniya, Özbəkistan, Polşa və
Ermənistandan dəvət olunmuş qonaqlar da iştirak edirdilər.
Layihənin əsas məqsədi fiziki cəhətdən məhdud imkanlı şəxslərə
dəstək olmaqdır.