Qızılhacılı kəndində sakinlərin evinə və həyətinə “Qara arx”dan su dolur (VİDEO)
Marneulinin Qızılhacılı kəndində yaşayan 66 yaşlı Heydər Qiyasoğlunun evinə və həyətinə “Qara arx”dan su dolur. Onun sözlərinə görə, iki ilə yaxındır ki, bu cür problemlə qarşılaşıblar.

“İki ildir ki, həyətə su axır. İcra nümayəndəsinin yanına getmişəm, deputatın yanına getmişəm, ondan sonra Zaurun yanına getmişəm, meriyaya getmişəm, su idarəsinə də getmişəm. Mənim işimə baxmırlar. Bu su mənim
damıma zərər verib. Budur qarajıma da ziyan verib. Məcburi özüm qaraja beton tökdürdüm. Dedim, evimə ziyan vurmasın. Evimə də ziyanı dəyir. Dedim ki, su betonun üstündə qalsın və əlimizlə çəkək. Hər səhər belə gələndə əlimizə çalğıyı, süpürgəni, vedrəni götürüb suyu çıxarıb tökürük. Evin altından da çıxdı. Oranı da eşdirdim ki, heç olmasa betonun üstündə qalsın, təmizləyək. Evimiz çökməsin. Zavod qabağını bağlayıb, arxı dirəndirib. O, pul qazanır, mən də batıb gedirəm”.

Heydərin sözlərinə görə, qonşular da bu problemdən narahatdırlar. Heydərin həyətindən axan su qonşuların evinə də ziyan vurur. Qonşular da ondan bu məsələni həll etməsini tələb edirlər.

“Bu evə ziyan verir, o, da qalxıb mənimlə dalaşır. Deyirlər, niyə arxası ilə düşmürsən. Nə edim, arxası ilə düşürəm. Haranı tanıyıram, gedirəm. Meriyaya getdim, yanındakı işləyənlərə göstərdi ki, bunun işinə baxın. Özü çıxıb getdi. Zaur Darğallının yanına getdim, oğlan çıxdı, dedi ki, burada yoxdur. Baxmadı. İcra nümayəndəsinin yanına getdim, gəldi, baxdı, dedi ki, burada böyük iş xarab olur. Getdi dedi, suyu kəsmədilər. Dedilər, suyu kəsmək olmaz. Yerlər suvarılır. Kəsmək olmaz. Payız gəldi, bəs niyə kəsmədilər?! Bir əziyyətlə özüm suyu saxlatdırdım. Özüm gətirdim, 1000 lari xərc çəkdim, beton tökdürdüm. Üç gün möhlət vermədilər ki, o quruyardı. Üçüncü gün suyu buraxdılar. Hər şey oldu, yenə də su gəldi. İndi hələ şaxta yoxdur. Bir şaxta olsun. Şaxta olanda dizi üstə sürünə-sürünə adlayırıq. Yarı yaşa gəlmişəm, 66 yaşım var. Yıxılıb eləyərəm. Mən burdan keçə bilərəmmi?! Hətta suyun həyəti basması nəticəsində gəlinim də yıxılıb, xəsarət alıb”.

Heydər Qiyasoğlu və qonşular dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Onların dediyinə görə, problemlə maraqlanan olmayıb.

Gürcüstan Meliorasiyası Kvemo Kartli Regionunun Xram-Debet Xidmətinin rəhbəri Tornike Qoqlidze bizimlə söhbəti zamanı bildirdi ki, məsələni araşdırmaq üçün artıq Qızılhacılıya gediblər.

“Ümumiyyətlə, nazirin 2003-cü il sərəncamı var və həmin sərəncam əsasında da kanalın hər iki tərəfində, sağ və sol tərəfindən böyüklüyündən irəli gələrək, həmin kanalın başqasına verilməsi ölçüləri 6 metr təşkil edir. Yəni buna istismar yolu deyilir. Belə problem olan zaman, misal üçün, əhalinin evinə su dolur, biz texnikamızla gedib işləyib problemi həll edirik. Bu konkret hadisədə yaşayış evinin hasarları, orada ayrı ot tayları yığılıb və yol belə bağlıdır. Qanunu pozublar və fiziki olaraq girmək mümkün deyil. Biz həmin sakinlə danışdıq, razılığa gəldik ki, əgər qonşudan, qanunla bizə düşən yolu versələr və həmin yolu boşaltsalar, biz xüsusi texnikanı apara bilərik, bu problem həll olunar. Buna razıdırlar. Zəng vuranda texnikanı aparacağıq və işləyəcəyik”.

Məsələyə aydınlıq gətirmək üçün Heydər Qiyasoğlu ilə təkrar əlaqə saxladıq. O, “Marneuli” radiosuna təsdiqlədi ki, aidiyyəti orqanlardan onun məsələsi ilə maraqlanıblar. Heydər onu da bildirdi ki, arxın kənarına yığılan ot tayaları ona məxsus deyil. Həmin ot tayaları qonşuya məxsusdur.


Print Email
FaceBook Twitter Google