Mağalaşvili körpüsündə nəqliyyatın hərəkəti bərpa olunub
Bu gün, 5 fevral tarixində Marneulinin mərkəzi Rustaveli küçəsində yerləşən Durmuşxan Mağalaşvili körpüsündə təmirdən sonra nəqliyyatın hərəkəti bərpa olunub. İki aydan artıqdır ki, körpüdə hərəkət məhdudlaşdırılmışdı. Bu da Marneulidə tıxacların yaranmasına səbəb olmuşdu.

Qeyd edək ki, 8 yanvar tarixində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini həyata keçirən “İrlani” MMC şirkətinin direktoru Temur Tabukaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, körpünün bərpası işləri yanvarın sonuna qədər tamamlanacaq. Amma həmin tarixdə körpüdə hərəkət bərpa olunmadı.

30 noyabr tarixindən Mağalaşvili adına körpüdə hərəkət məhdudlaşdırılıb. Bu şəhərdə tıxacların yaranmasına səbəb olub. Əvvəlcə Marneuli meriyasından bildirirdilər ki, körpüdə avtomobillərin hərəkəti 20 dekabr tarixindən bərpa olunacaq. Sonra isə vəd verdilər ki, körpüdə avtomobillərin hərəkəti yeni ilə qədər bərpa olunacaq..

Marneuli meriyası körpünün bağlanmasına görə yaranmış tıxacları yüngülləşdirmək üçün Mağalaşvili körpüsünün altından müvəqqəti dəmiryolu keçidi də quraşdırıb.

Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş aydan artıqdır, davam edir. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti olaraq 150 gün, təxminən 5 ay müəyyən edilib. Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt verilmişdi.

Print Email
FaceBook Twitter Google