Qızılhacılıda kənd toplantısında küçə işıqlarının quraşdırılmasını dəstəkləyiblər
Bu gün, 14 fevral tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində ümumi kənd toplantısı baş tutub. Marneuli bələdiyyəsində ümumi kənd toplantıları kəndə dəstək proqramı çərçivəsində keçirilir.

Qızılhacılı kəndində toplantı saat 15:00-da planlaşdırılmışdı. Əhalinin imzasının toplanması prosesinə görə, toplantı 20 dəqiqə gec başladı. Marneuli meriyasının nümayəndələri Qızılhacılı sakinlərinə bildiriblər ki, kəndə dəstək proqramı çərçivəsində kəndə 20 000 lari ayrılıb və Qızılhacılıdan meriyaya proqram çərçivəsində küçə işıqlarının quraşdırılması ilə bağlı müraciət daxil olub. Eləcə də əhaliyə onlar üçün mühüm olan layihələri qeyd etməklərini təklif ediblər.

“Böyük kənddi və problem də çoxdur, amma vəsait az olduğuna görə, yaxşı olar ki, bu pul ilə küçə işıqları düzəldilsin”, – Qızılhacılı sakinlərindən biri bildirib.

Qızılhacılıda əhali 2023-cü ildə olduğu kimi küçə işıqlarının quraşdırılmasını dəstəkləyib.

Qızılhacılıda mer nümayəndəsinin səlahiyyətlərini icra edən Sədrəddin Talıbov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, kənddə 42 kilometr yol var və buradan yanız 21 kilometrdə küçə işıqları quraşdırılıb. Onun sözlərinə görə, ötən il kəndə dəstək proqramı çərçivəsində Qızılhacılıda 59 yeni küçə işığı dirəyi quraşdırılıb.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevrala qədər davam edəcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google