Sadaxlı inzibati ərazi vahidliyində Kəndə Dəstək Proqramı çərçivəsində görüş keçirilib
14 fevral tarixində Kəndə Dövlət Dəstəyi Proqramı çərçivəsində Marneuli bələdiyyəsinin Sadaxlı inzibati ərazi vahidliyinə daxil olan kəndlərdə kənd yığıncağı keçirilib. Yığıncaqlar Sadaxlı, Təzəkənd, Burma, Xüldərə və Mollaoğlu kəndlərində baş tutub.

Fevralın 12-də Marneulidə Kəndə Dəstək Proqramı başlayıb və bələdiyyə əməkdaşlarından ibarət qruplar müxtəlif kəndlərdə sakinlərlə görüşür. Sadaxlı təkcə Marneuli bələdiyyəsində deyil eləcə də, Gürcüstanda ən böyük kəndlərdən biridir. Ona görə də kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşdə Marneuli Şəhər İcra Hakimiyyətinin və Bələdiyyə Məclisinin bütün məsul işçiləri iştirak ediblər.

Görüşdə həmçinin, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, merin birinci müavini Roin Dekanoidze, merin müavini Temur Şubitidze və Bələdiyyə Məclisinin sədr müavini Rövşən İsgəndərov iştirak ediblər. Millət vəkili Zaur Darğallı Azərbaycan dilində çıxış edərək “Gürcü Arzusu”nun vədlərinin yerinə yetirilməsindən danışıb. İlk olaraq sözə Marneuli meri Kənan Ömərov başlayıb.

“Hər il kəndlərə dövlət dəstəyi layihələri çərçivəsində kənd əhalisi ilə görüşlərin keçirilməsində əsas məqsəd mərkəzi büdcə tərəfindən ayrılan məbləğin sizlərin, kənd əhalisinin ehtiyacı və istəyi üzərinə qərarların alınmasından ibarətdir. Ona görə bu gün biz sizlərin hüzuruna gəlmişik ki, sizlərlə birlikdə məsləhətli şəkildə seçim edə biləsiniz. Hər il dövlət tərəfindən müəyyən miqdarda vəsait ayrılır. Həmin vəsaitlərə biz, yerli özünüidarə orqanları sizlərdən tələb gəldiyi halda müəyyən əlavələr edirik. İndi isə seçimi sizlərə buraxırıq. Qeyd etmək istəyirəm ki, bir neçə il bundan əvvəl idman kompleksinin tikintisinə qərar vermişdik və hal-hazırda kompleksin layihəsini əldə etmişik. Layihənin davamı olaraq yaxın günlərdə tender elan edəcəyik”, – Kənan Ömərov.

Kənan Ömərov əhaliyə öz kəndlərinin qayğısına qalıb seçimdə iştirak etdiklərinə görə, təşəkkür edib və uğurlar arzulayıb.

Rəsmilərin çıxışlarından sonra toplaşan əhali kəndə dəstək layihəsi çərçivəsində küçə işıqlarının quraşdırılmasını dəstəkləyiblər.

Burma kəndində keçirilən görüşdə kənd sakinlərindən biri meriyanın nümayəndələrinə bildirib ki, 10 000 lari kəndin ehtiyacını qarşılamaq üçün çox az məbləğdir. Beləliklə, onlar son nəticə olaraq Burma kəndində daxili yolların betonlanmasına qərar veriblər.

Bununla yanaşı, Xüldərə kəndində sakinlər yağış sularının toplanması üçün arxların quraşdırılmasını, Mollaoğlu kəndində isə əhali daxili yolların betonlanmasını tələb edib.

Sözügedən 5 kənddən birində – Təzəkənddə əhalinin 20%-nin toplaşmaması səbəbindən görüş gerçəkləşə bilməyib. Bu kənddə yığıncaq yenidən təşkil olunacaq.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevrala qədər davam edəcək. Kəndə Dəstək Proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google