Marneulidə keçirilən seçkilər Marneulinin keçmiş meri üçün maraqlı deyil
Bu gün, 19 may tarixində növbədənkənar mer seçkiləri günü Marneulinin keçmiş meri Marneulidə olmayıb və heç seçkilərin gedişi ilə də maraqlanmayıb. Keçmiş mer “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, şəxsi işləri ilə məşğuldur.



Temur Abazov hal-hazırda “Gürcü Arzusu”nun üzvü olub-olmaması ilə bağlı sualı cavabsız qoyub. Keçmiş mer “Gürcü Arzusu”nun mer vəzifəsinə namizədinə açıq şəkildə dəstək bildirməyib.


“Kim güclüdürsə, onun qalib gəlməsini arzulayıram”, – o, “Gürcü Arzusu”nun namizədi Zaur Darğallını necə dəyərləndirməsi ilə bağlı sualına belə cavab verib.




2017-ci ildə keçirilən yerli özünüidarə seçkilərində qalib gəlmiş Temur Abazov bu vəzifədə cəmi 8 ay qala bilmişdi. 2018-ci ilin 14 iyununda prokurorluq onu Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarda ittiham edib. Məsələ 13 iyunda sosial şəbəkədə yayımlanan, Elçin Allahverdiyevin öz sidiyi ilə üzünü yumağa və ailə üzvünə söyüş söyməyə məcbur edildiyi video ilə bağlı idi.



Həmin video övladı öldürülmüş Malxaz Maçalikaşvili və Zaza Saralidzeyə dəstək aksiyasında Elçin Allahverdiyevin Facebookda canlı yayıma qoşulması zamanı qeydə alınmışdı. Sosial şəbəkədə o, əhalini Milli Hərəkatı dəstəkləməyə çağırır və sonda Marneulinin meri Temur abazovun həyat yoldaşına və Bidzina İvanişviliyə söyüş söyür.



Marneulinin merinə qarşı cinayət işi Gürcüstanın CM-nin 144.3-cü maddəsinin 2-ci hissəsinin a altbəndi ilə başlayıb. Maddə dövlət məmuru və ya onun səviyyəsinə bərabər olan şəxs tərəfindən təhqiredici və insanlıqdan kənar yanaşmanı nəzərdə tutur. 6 sentyabrda Temur Abazovun ittihamı ağırlaşdı və istintaqa 25, 157.1 maddəsinin birinci və ikinci hissələri əlavə olundu. Həmin maddələr şəxsi həyatı təsvir edən materialın əldə olunması, təşkili, internet və sosial şəbəkələrdə yayımlanmasını nəzərdə tutur.

Abazovun məhkəmə prosesi başa çatmayıb.





2018-ci ilin 13 dekabrında keçmiş mer 10 000 larilik girov qarşılığında azad olunub. İttiham təsdiq olunduğu halda onu 5-dən 10 ilə qədər həbs gözləyir.



Temur Abazovun merlik səlahiyyəti rəsmi olaraq 2019-cu ilin 13 fevralında dayandrılıb. Onu müvəqqəti olaraq birinci müavin Zaur Tabatadze əvəz edir.



19 may 2019-cu il seçkilərində keçirilən növbədənkənar seçkilərdə qələbə qazanacaq namizəd bu vəzifədə 2021-ci ildə keçiriləcək yerli özünüidarə seçkilərinədək qalacaq.



Print Email
FaceBook Twitter Google