Bugün, noyabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov ilə İran
İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian
arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, onlar
ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional
vəziyyəti müzakirə ediblər:
“Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin,
ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud
problemlərin qarşılıqlı dialoq, anlaşma çərçivəsində həll
edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər
Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının
faydalı ola biləcəyi diqqətə çatdırılıb.”
Məlumata görə, telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və
təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
İki ölkə arasında qarşılıqlı ittihamlar
Son aylar Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar
eşidilməkdə idi.
Elə bugün, noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti
(DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı
casus şəbəkəsi ifşa edilib. Bununla bağlı 5 Azərbaycan vətəndaşının
həbs edildiyi bildirilirdi.
3 gün öncə, noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas
Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Məlumata görə, görüşdə, son zamanlar İran mediasında Azərbaycan
əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli
rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və
narahatlıq qarşı tərəfin diqqətinə çatdırılmışdı.
Bundan bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı
səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq
oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı.
Azərbaycan DTX-sı isə bu ayın əvvəlində bildirmişdi ki, İran xüsusi
xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı
birləşmə ifşa olunub.
Ondan bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin
yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin
Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru
Azərbaycan vətəndaşıdır:
"Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan
Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır".
Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.
Qeyd edilən bu açıqlamalara adı çəkilən ölkələrin rəsmi qurum və
başqa maraqlı tərəflərindən birbaşa münasibət bildirilməmişdi.
Oktyabrın 17-də isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə
Araz sahilində hərbi təlim keçirmişdilər.
Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid
kimi dəyərləndirmişdilər. Amma sonradan İranın Azərbaycandakı
səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən
məlumatlandırıldığını bildirmişdi.
Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda
təlim keçiriblər. Həmin təlimin də plana uygun keçirildiyi qeyd
edilmişdi.