Brüsseldə keçiriləcək Gürcüstan-Avropa İttifaqı Assosiasiya
Şurasının iclasında digər məsələlərlə yanaşı,
Avropanın elektrik enerjisi ilə təmini məqsədilə Qara dənizin dibi
ilə elektrik kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi
müzakirə olunacaq.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş nazirin birinci
müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili
deyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti rumıniyalı həmkarları ilə
birgə layihə üzərində işləyir:
“Bu, Gürcüstan və Rumıniyanı birləşdirmək məqsədilə
Gürcüstanda rəqəmsal mərkəzin formalaşmasını sürətləndirmək üçün
alternativ, etibarlı kanal olacaq”.
O, layihənin texniki imkanlarının artıq müəyyən edildiyini və
faktiki olaraq təsdiqləndiyini qeyd edib:
“Biz artıq layihənin icrasının texniki təfərrüatları, o
cümlədən maliyyə vəsaitlərin cəlb edilməsi və digər məsələlər
barədə müzakirələr aparırıq”.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycan və Gürcüstandan
elektrik enerjisinin Avropaya ötürülməsi üçün kabel xəttinin
çəkilməsi haqqında saziş imzalanıb. Bu sənədə Gürcüstan,
Azərbaycan, Rumıniya və Macarıstan imza atıb. Layihə Avropa və
Cənubi Qafqazda enerji təhlükəsizliyini gücləndirmək, həmçinin
bərpa olunan enerji sahəsini inkişaf etdirmək və tranzit
imkanlarını artırmaq məqsədi daşıyır.
Avropa İttifaqı layihənin həyata keçirilməsi üçün 2,3 milyard avro
məbləğində maliyyə vəsaiti ayırmaq niyyətindədir.
Mənbə: report.az