Prezident və Xarici İşlər Nazirliyi Putinin seçkilərinin işğal olunmuş ərazilərdə keçirilməsini pozuntu kimi qiymətləndirib

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya Federasiyasında prezident seçkilərinin işğal olunmuş rayonlarda keçirilməsinə münasibət bildirib və faktı qanun pozuntusu kimi qiymətləndirib.


“Rusiyanın Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrində seçki məntəqələri açması Gürcüstanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Sərhədlərə bu açıq-aşkar etinasızlıq Rusiyanın imperiya ambisiyalarını bir daha ifşa edir”,
- Zurabişvili X-də yazıb.

Gürcüstan Xarici İşlər Nazirliyi də faktla bağlı açıqlama yayıb, burada konkret hərəkətin beynəlxalq hüququn fundamental prinsip və normalarını pozduğu qeyd olunub.

“Beynəlxalq məhkəmələr tərəfindən müəyyən edilmiş işğal fonunda və etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdən qovulmuş əhalinin hələ də geri qayıtmasına imkan verilmədiyi bir şəraitdə işğal olunmuş rayonlarda hər hansı seçkilərin keçirilməsi qanunsuzdur”, - bəyanatda oxuyuruq.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti qeyd olunan məsələyə lazımi qiymət verməyə və “Rusiyanın işğal olunmuş rayonlarda Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəsd məqsədi daşıyan növbəti qanunsuz hərəkətlərinə” reaksiya verməyə çağırıb.

Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 15-17-də keçirilib.

Qondarma Abxaziya və Osetiya ərazilərində də seçki məntəqələri açılıb.

Qondarma Cənubi Osetiya Respublikasının Rusiya səfirliyinin naziri və müşaviri Aleksandr Jurov yerli mətbuata bildirib ki, Cənubi Osetiyada yaşayan əhalinin 97%-i hazırkı prezident Vladimir Putinə səs verib.

Rusiya səfirliyinin ilkin məlumatlarına görə, qondarma respublikanın 12 seçki məntəqəsində 17 minə qədər seçici səs verməyə gəlib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google