Marneulidə müəllimlik sahəsinə maraq az olduğuna görə bir qrup gənc maddi cəhətdən kömək etməyə hazırdır
2018-ci ildə bir qrup Marneulili gəncin təşəbbüsü
ilə dövlət universitetlərində 1+4 proqramı ilə ibtidai sinif
müəllimliyi üzrə təhsil alan gənclər üçün 900 lari dəyərində məbləğ
toplanılıb.
Marneulili Adil Əliyev gəncləri bir araya yığaraq sosial vəziyyəti
zəif olub, Tbilisidə təhsil alan və xüsusilə ibtidai sinif
müəllimliyi sahəsində oxuyan tələbələr üçün pul toplayıb.
A.Əliyevin sözlərinə görə, Marneulidə ibtidai sinif müəllimliyinə,
ümumiyyətlə müəllimlik sahəsinə maraq azdır. O, düşünür ki, bu
təşəbbüs nəticəsində az da olsa gənclərə kömək edəcək, onlarda
müəllimlik peşəsinə qarşı maraq oyadacaqlar.
“Keçən il mənim təşəbbüsümlə 9 nəfər gənci bir araya topladıq və
onlardan pul topladıq. Bu məqsədlə ki, Marneulidə ibtidai sinif
müəllimliyi sahəsində oxuyan uşaqlara kömək edək. İstədik bu
şəkildə motivasiya yaradaq ki, uşaqlar bu sahəyə yönəlsinlər. İlk
etapda 900 lari pul yığdıq və onun 500 larisini birinci kurs
tələbəsinə verdik. Hazırda məbləğin 400 larisi qalıb. Onu da bu il
kimə lazımdırsa, ona verəcəyik”, - Adil Əliyev
deyir.
O, onu da əlavə etdi ki, hal-hazırda qalan 400 larini ehtiyac
sahibi olan, müəllimlik peşəsi üzrə təhsil almaq istəyən tələbəyə
verməyi planlaşdırır. Lakin peşəyə maraq göstərən tələbələr
olmadığından o, qalan məbləği 3 və ya 4-cü kurs tələbəsinə verməli
olacağını bildirdi.
Adil Əliyev bildirdi ki, daha əvvəl onların fikri kənddə yaşayan və
müəllimlik sahəsində çalışanlara kömək etmək olub. Lakin o, deyir
ki, kəndlərdə demək olar ki, bu peşəyə maraq göstərən yoxdur, elə
bu səbəblə də o, yığılan pulu Marneulidə yaşayıb ibtidai sinif
müəllimliyi üzrə təhsil alan, sosial vəziyyəti ağır olan tələbələrə
vermək qərarına gəlib.