“Vəziyyət ağırdır” – neçə körpənin bağçadan kənar qalacağı məlum deyil
Marneuli uşaq bağçaları və məktəbə hazırlıq mərkəzlərinə 2022-2023-cü tədris ilində 1564 uşaq qeydiyyatdan keçib. Neçə uşaq məktəbəqədər təhsildən kənar qalıb, Marneuli Uşaq Bağçaları Birliyi bunu hələ hesablamayıb. Birliyin rəhbəri Zaur Kərəmovun sözlərinə görə, bir neçə günə dəqiq məlumatları olacaq, ancaq ilk baxışdan vəziyyət ağırdır.

“Bilmirik, neçə uşaq qalacaq, amma vəziyyət çox ağırdır. Çünki Qızılhacılı bağçası bağlıdır. Oktyabrda 1 saylı bağçada iş başlayacaq. Yəqin sonra vəziyyət yüngülləşəcək. Mənim əməkdaşlarım işləyirlər, uşaqların valideynlərinə zəng vururlar və uşağın bağçaya qəbul olması, yaxud ehtiyatda qalması barədə məlumat verirlər. Bir neçə günə dəqiq məlumatım olacaq. Yalnız şəhər bağçalarında vəziyyət çətindir. Digər bağçalarda yaxşıdır, stabildir. Tələb olan yerdə ərizələri qəbul edirik və məktəbəqədər hazırlıq qrupları açırıq. İndi planda 5 qrupun açılması var. Bu müxtəlif kənd məktəblərində olacaq. Bunu üzərində işlər aparılır. Bunların hamısı maddi vəziyyətdən asılıdır”, – Zaur Kərəmov bildirdi.

Marneuli bələdiyyəsi miqyasında 84-dən artıq kənd var. Məktəbəqədər təhsil müəssisələrinin sayı isə 14-dür. Baxmayaraq ki, məktəbəqədər təhsildən kənar qalmış uşaqların sayı hər il artır, mövcud vəziyyətə iki bağçanın fəaliyyətsizliyi də əlavə olunub. Təmir işlərinə görə Marneuli şəhər 1 saylı və Qızılhacılı bağçaları uşaqları 15 sentyabrda qəbul edə bilməyəcək.

Print Email
FaceBook Twitter Google