Marneuli məktəblərində formal olaraq elan edilmiş vakansiyalar
“Marneuli” radiosu 6 sentyabr tarixində müəllimlər üçün vakansiyalar haqqında məqalə yayımladı. Dünənki göstəricilərə görə, 18 məktəb müəllim axtarırdı. Material yerləşdirildikdən sonra bir neçə nəfər etirazla bizim media təşkilatla əlaqə saxladı. Onlar bildirdilər ki, vakansiyalarda qeyd olunmuş bəzi məktəblərin nömrəsinə zəng vurduqda boş yerlərin artıq öz müəllimləri tərəfindən tutulduğunu deyiblər.

“İndi sizin yayımladığınız vakansiyalardakı məktəblərdən birinə zəng vurdum. Dedilər
ki, yer artıq tutulub, ancaq vakansiya qoyublar, guya hazırda boşdur. Təəssüf ki, bunların hamısı formaldır”,
– “Marneuli” radiosuna zəng vuran müsahiblərdən biri qeyd edib. O, kimliyinin açıqlanmasını istəmədi.

“Marneuli” radiosu məlumatı yoxlamaq üçün bələdiyyənin təsadüfi prinsiplə seçilmiş bir neçə məktəbinə zəng vurdu (Təhsil müəssisəsini bilərək qeyd etmirik). Vakansiyada qeyd olunmuş əlaqə nömrəsinə zəng vurduqda bildirdilər ki, fənn müəllimini artıq seçiblər.
Vakansiyalarda qeyd olunmuş nömrələrin əksəriyyətinə məktəb direktorları cavab verirdilər. Ancaq salamlaşdıqdan sonra təfərrüatları aydınlaşdırmaq üçün gürcü dilində söhbətə davam edə bilmirdilər, söhbətə yardım üçün vasitəçini qoşurdular.

Bir neçə məktəbin müsahibəsini sizə təqdim edirik:

Müsahibə N1
Jurnalist – Salam, vakansiya yerləşdirmisiniz, bu fənnin imtahanını yeni vermişəm, araşdırmaçı müəllim olaraq sizin məktəbə gələ bilərəmmi? 60 kreditlik proqramı da keçəcəyəm.
Vakansiyaya cavabdeh olan şəxs – Çox yaxşı olardı, amma bizim müəllim də 60 kreditlik proqram keçir, fənn imtahanını da verib və düzünü desəm, onun üçün elan etmişik.
Jurnalist – Belə çıxır ki, formal olaraq elan edibsiniz?
Vakansiyaya cavabdeh olan şəxs – Bəli, bəli, çox təəssüf.

Müsahibə N2
Jurnalist – Sizin məktəbin vakansiyasını gördüm, imtahanı da vermişəm, sizin məktəbə araşdırmaçı müəllim olaraq gəlmək istəyirəm, iş saatları da uyğundur. CV-ni hara göndərə bilərəm?
Vakansiyaya cavabdeh olan şəxs – Mail ünvanı qeyd etmişik, baxa bilərsiniz
Jurnalist – Bu yer boşdur, deyilmi? Bir neçə məktəbə zəng vurdum və artıq tutulmuşdu, formal olaraq elan ediblər və boşuna sənədlərimi göndərməyim.
Vakansiyaya cavabdeh olan şəxs – Bir müəllimimiz var, neçə ildir, işləyir, o, olacaq, daxili vakansiya ilə girəcək.

Müsahibə N3
Jurnalist – Salam, sizin məktəbdəki vakansiya ilə maraqlanıram, necə müraciət edə bilərəm?
Vakansiyaya cavabdeh olan şəxs – Yer artıq tutulub, bir müəllimimiz var.
Jurnalist – Belə çıxır ki, artıq kadr seçmisiniz?
Vakansiyaya cavabdeh olan şəxs – Bəli, bir baş müəllimimiz var və qonşu kənddən gələcək.

Qeyd edək ki, müəllimlər üçün vakansiyaların yerləşdirildiyi portal ictimaidir və hamı baxa bilər. Aydındır ki, məqalədə qeyd olunan müsahibələrə bələdiyyənin bütün məktəbləri aid deyil.

Print Email
FaceBook Twitter Google