"Qazax müəllimlər seminariyasında Gürcüstandan olan 20 soydaşımız təhsil alır" – "ADA" universitetinin prorektoru
"Hazırda "ADA" universiteti Qazax müəllimlər seminariyasında magistr təhsil dərəcəsində "Təhsil üzrə menecment" və "Təlim və tədrisin təşkili və metodikası" ixtisasları üzrə Gürcüstandan olan 20 soydaşımız təhsil alır. İstəyərdik ki, burada təhsil alan soydaşlarımızın sayı daha da çox olsun".

Bu sözləri mediyaya açıqlamasında "ADA" universitetinin prorektoru Vəfa Kazdal bildirib.

"Artıq 3 ildir ki, "ADA" universiteti Qazaxda yerləşən müəllimlər seminariyasını həm fiziki, həm də məzmun olaraq bərpa edib. Seminariya tarixi missiyasını davam etdirir. Bu missiya isə müəllimləri yetişdirmək, onları ixtisasartırma proqramlarına cəlb etməkdir", - prorektor deyib.

V.Kazdal qeyd edib ki, Gürcüstana səfərin də əsas məqsədi "ADA" universitetinin təklif etdiyi təhsil imkanlarını burada yaşayan soydaşlarımıza çatdırmaqdır: "ADA" universitetinin əsas strateji məqsədlərindən biri də odur ki, ali təhsil müəssisəsində olan keyfiyyəti həm Azərbaycanın rayonlarında, həm də Gürcüstanda yaşayan soydaşlarımız üçün mümkün qədər əlçatan edək. Daha çox azərbaycanlı gəncin bu imkandan faydalanmasını istəyirik".

Qeyd edək ki, ADA Universitetinin prorektoru Vəfa Kazdalın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google