26 noyabr tarixində Tbilisidə “Çoban” tamaşası nümayiş etdirilib.
Tamaşa “BEEZ” Uşaq Teatrı tərəfindən hazırlanıb.
Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli
İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Tbilisidə nümayiş etdirilən tamaşa böyük marağa səbəb olub.
“Nəhayət həftələrdir gözlədiyimiz Mirzə Fətəli
Axundovun ev muzeyində Abdulla Şaiqin eyni adlı əsəri əsasında
hazırladığımız "Çoban" tamaşasını dəyərli tamaşaçılarımıza
göstərdik. Tamaşamız böyük marağa səbəb oldu. Tamaşaçıların
alqışlamaları aktyor və aktrisalarımızın rollarının öhdəsindən
məharətlə gəldiyini göstəridi. Hətta sosial şəbəkədə Abdulla Şaiqin
nəvəsi Ülkər Talıbzadə də teatrımıza və işlərimizdə bizə uğurlar
arzulamışdı”, – Binəli İslamoğlu dedi.
İslam oğlu onu da bildirdi ki, tamaşa iki seansla nümayiş
etdirilib.
“Birinci seansda deyərdim ki, zalı körpə balalaırımız
doldurmuşdu. İkinci seansda əsas dövlət məmurları - Azərbaycanın
Gürcüstandakı Səfirliyinin əməkdaşı Cavid Məhərrəmov, Tbilisi Yunus
Əmrə İnstitutunun direktoru Can Güray, Qardabani bələdiyyəsinin
nümayəndələri, QHT nümayəndələri və jurnalistlər iştirak etdilər.
Bundan sonra bölgələrdə biletlərimizin satılmasında bizə dəstək
olarsa, tamaşamızı bölgələrdə də nümayiş etdirməyi
düşünürük”, – Binəli İslamoğlu dedi.
Rollarda teatrın balaca aktyorları – Zəhra Akif, Nuri Qurbanov,
Əzəm Əfəndiyeva, Seymur Muradov, Məryəm Əliyeva oynayıblar.
Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli
İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur
Ənvərdir.
Binəli İslamoğlu onu da bildirdi ki,
tamaşanın ilk premiyerası Qardabanidə, “BEEZ” Uşaq Teatrında
baş tutub. Onun sözlərinə görə, tamaşanın premyerası uğurlu
keçib.
Qeyd edək ki, Abdulla Şaiqin “BEEZ” Uşaq Teatrı tərəfindən
səhnələşdirilən “Çoban” tamaşası bu il təqdim edilən ikinci
tamaşadır.
Birinci tamaşa Vüqar Haqverdiyevin müəllifi olduğu
“Qarınqulu ayı balası” əsərinin motivləri əsasında hazırlanmışdı.
Tamaşa 18 fevral tarixində Qardabanidə fəaliyyət göstərən “BEEZ”
Uşaq Teatrında tamaşaçılara təqdim edilmişdi.