Qardabani rayonunun Qaracalar kəndində Pəri xanım Sofiyevanın
xatirə divarının açılışı keçirilib.
Açılış mərasimi 10 dekabr tarixində Sofiyevanın yaşadığı evin
həyətində baş tutub. Divar şəkli rəssam Ana Dedabrişvili
tərəfindən, “Mirabaldebi” təşkilatının təşəbbüsü ilə çəkilib.
Xatirə divarın açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin
nümayəndəsi, Qardabani Bələdiyyə Məclisinin sədr müavini və
Bələdiyyə Məclisinin Qaracalar kəndindən olan deputatı, Barışıq və
Vətəndaş Bərabərliyi Məsələləri Üzrə Dövlət Nazirinin aparatının
nümayəndəsi, Məşğulluq idarəsinin işçiləri, aktivistlər, kənd
əhalisi və Pəri xanımın nəslinin nümayəndələri iştirak ediblər.
Pəri xanım Sofiyevanın nəvəsi, şərqşünas və ərəbşünas Əli Sofiyev
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu Pəri xanım
ilə bağlı görülən tədbirin davamıdır. Onun sözlərinə görə,
Gürcüstanda bununla bağlı dəfələrlə tədbirlər keçirilb.
“Pəri xanımın adına Azadlıq meydanında skamya
düzəldilmişdi. Tbilisi şəhərində adına küçə də var. Onun üzərində
lövhələr asılmışdı. Görünür, bu tədbirlər davam edəcək. Bu da
növbəti tədbirlərdən biridir. Yaxın günlərdə Pəri xanımın kəndində
onun adına tədris mərkəzi də açılacaq. Onu da deyim ki, bu
portretin həyata keçməsində Azərbaycan şirkəti olan SOCAR-ın da
rolu olmuşdu. Və eyni zamanda Azərbaycan səfirliyi Pəri xanım ilə
bağlı görülən bütün işlərə yaxından dəstək vermişdir. Eyni zamanda
Gürcüstan hökuməti Pəri xanımın qəbrinin üzərinin yenilənməsini də
həyata keçirib. Və bu adların verilməsi, bu cür silsilə tədbirlərin
davam etməsi Gürcüstan hökumətinin, yəni Azərbaycanlılara qarşı
olan münasibətinin nəticəsidir. Burada demək olar ki, bütün
regionlarda, təkcə Borçalı regionu deyil, Qarayazı regionu deyil,
demək olar ki, Gürcüstanın gürcülər yaşayan bölgələrində də Pəri
xanım ilə bağlı silsilə tədbirlər keçirilmişdir. O tədbirlər davam
edir. İnşallah gələcəkdə başqa tədbirlər də
keçiriləcək”, – Əli Sofiyev dedi.
“Mirabaldebi” təşkilatının həmtəsisçisi Nino Salukvadzenin
sözlərinə görə, bir neçə ay öncə təşkilatının təşəbbüsü ilə Nino
Bosikaşvili tərəfindən Pərixanım Sofiyevanın möhtəşəm
illüstrasiyası hazırlanıb. O, ümid edir ki, bu illüstrasiya bir çox
yeniliklərin başlanğıcı olacaq.
“Pərixanımın məsələsi demokratiya və rəngarəngliyə
doğru atılmış böyük addımdır. Təəssüf ki, biz bunu tez unutduq.
Pərixanım yalnız bizim ölkə üçün nümunəvi fəxr deyil, həm də
dünyada tarixi fiqurdur. O, bizim demokratik seçki yolu ilə
seçdiyimiz ilk müsəlman deputat xanım olub. “Mirabaldebi”
qeyri-hökumət təşkilatı illərdir, bu istiqamətdə işləyir və
ölkəmizin inkişafında öz töhfəsini vermiş qadınlar haqqında məlumat
çatdırmağa çalışırıq”.
Açılış mərasimində iştirak edən mülki fəal Tozu Gülməmmədli düşünür
ki, Pəri xanım təkcə Gürcüstan Azərbaycanlıları üçün deyil,
Gürcüstan vətəndaşları üçün də çox önəmlidir. Onun sözlərinə görə,
onlar Pəri xanım haqda çox danışmalıdılar və onun tanıdılması üçün
hər şey etməlidirlər.
“Onun haqında məlumatlar hətta dərsliklərə daxil
edilməlidir. Çünki bugünki vəziyyətdə dominant qrup bizə elə baxır
ki, bizdə ancaq kişilər müəyyən vəzifədədir, kişilər qərarverici
mövqedədir. Dominant qrup elə hesab edir ki, həmişə qadınlar tarix
boyunca mətbəxdə olub. Halbuki, Pərixanımın nümunəsi onu göstərir
ki, biz tarix boyunca da qərar verən mövqelərdə olmuşuq. Ona görə
də düşünürəm ki, bu gün həm bizim üçün, yəni bizim qadınlardakı
stereotiplərin dəyişməsi üçün cəmiyyətdəki stereotiplərin dəyişməsi
üçün həm gürcü cəmiyyətində bizə qarşı olan stereotiplərin
dəyişməsi üçün Pəri xanımın nümunəsi çox önəmlidir, çox dəyərlidir.
Və əlimizdən gəldiyi qədər onun xatirəsini yaşatmalıyıq və bu haqda
açıq danışmalıyıq”, – feminist Tozu Güllmədli
dedi.
Tbilisi şəhərində Pəri xanım Sofiyevanın adına küçə də var. Həmin
küçənin adın verilməsinin təşəbbüskarı hüquq müdafiəçisi Samirə
Bayramovadır. Bayramovanın dediyinə görə, Pəri xanımla fəxr edir.
O, deyir ki, Pəri xanımın adı fəal qadınlar içində gəlir.
“Biz Azərbaycanlılar üçün böyük bir fəxr və qürurdur
ki, Pəri xanımın adı fəal qadınlar içindən gəlir. Və 100 il bundan
qabaq Demokratik Gürcüstanda demokratik yolla seçilmiş ilk müsəlman
xanım, Pəri xanım adı bu gün bizim kimi insanlara, qadınlara xüsusi
ilə böyük bir motivasiyadır. Ümid edirəm ki, artıq rəsmi
dairələrdə, rəsmi yerlərdə də qürurla adı çəkiləcək. Necə ki,
tolerant ölkə kimi daima biz görürük ki, yüksək tribunalardan Pəri
xanım daima xatırlanır. Təbii ki, mən də bir azərbaycanlı kimi, bir
azərbaycanlı fəal qadın kimi, hüquq müdafiəçisi kimi mənim üçün də
böyük bir şərəfdir ki, bu gün burda iştirak edirik. Pəri xanımın
adı keçən hər bir yerdə iştirak etmək bizim üçün
qürurdur”, – Samirə Bayramova dedi.
Lalə Sofiyeva Pəri xanımın nəsilinin nümayəndəsidir. Onun dediyinə
görə, Pəri xanım azərbaycanlılar üçün nümunəvi bir şəxsdir.
“Pərixanım Sofiyeva yalnız mənim üçün, nəsilimin
nümayəndələri üçün deyil, bütün Gürcüstan üçün, eyni zamanda bütün
azərbaycanlılar üçün nümunəvi şəxsdir. Çox sevindirici bir haldır
ki, bu tədbirdə həm dövlət nümayəndələri, həm də qeyri hökumət
təşkilatının nümayəndələri iştirak edirlər. Həmçinin qeyd etmək
istəyirəm ki, biz 2018-ci ildən başlayaraq Pəri xanımın izində bir
çox işlər görürük, bir çox layihələr həyata keçiririk. Bu layihələr
zaman-zaman davam etdirilir. Mən 10-cu sinifdə oxuyurdum. Pəri
xanımın deputat olduğunu eşidəndə, bu mənim üçün böyük bir
motivasiya oldu. Ona qədər ailəm mənə həmişə deyirdi ki, ali təhsil
almalısan, oxumalısan. Lakin məhz bu məsələni eşitdikdən sonra
məndə motivasiya daha da artdı. Və düşündüm ki, doğrudan da
mübarizənin hər zaman nəticəsi var. Biz azərbaycanlılar hər zaman
Gürcüstan dövlətində, cəmiyyətində irəlidə olmalıyıq və öz səsimizi
hər zaman eşitdirməliyik”, – Lalə Sofiyeva dedi.
Qeyd edək ki, 1918-ci ildə Gürcüstan Demokratik Respublikası elan
edildikdən sonra ölkənin əsas qəzalarının ərazisində, o cümlədən
Tbilisi qəzasının Qarayazı dairəsində seçkilər keçirildi. Bitərəf
müsəlman-qadın namizəd Pəri xanım Sofiyeva aparıcı Sosial
Demokratlar və Federalistlər, “Hümmət”, Milli Demokratlar və
Eserlər partiyalarının namizədlərini üstələdi və Tbilisi qəzası
məclisinə Qarayazı dairəsindən 5-ci seçilən oldu. Bir çox işlər, o
cümlədən, doğma kəndində dəmir yolu stansiyasının tikilməsi onun
adı ilə bağlıdır.