“Gürcüstanın yaxın tarixi qeyri-gürcüdilli məktəblərdə necə tədris olunur?”
16:14 / 16.01.2024
Marneuli bələdiyyəsnin 65 qeyri-gürcüdilli məktəbində tarix
dərslikləri yenilənib. Dərslikdə tədris proqramının bir neçə
başlığı Gürcüstanın yaxın tarixinə, həmçinin, Abxaziya müharibəsi,
Cənubi Osetiya/Tsxinvali regionu münaqişələrinə həsr olunub.
Fənn mütəxəssisləri deyirlər ki, bu mühüm dəyişiklikdir, çünki
Gürcüstanın yaxın tarixinin öyrənilməsinə daha çox diqqət
ayrılır.
Mövzu niyə mühümdür?
Marneuli bələdiyyəsnin qeyri-gürcüdilli məktəblərində Gürcüstanın
yaxın tarixində baş vermiş münaqişələr demək olar tədris olunmurdu
və şagirdlər Azərbaycan və Ermənistan arasındakı münaqişə haqqında
Abxaziya və Tsxinvalidən daha çox bilirdilər.
Problem nədir?
Dərsliklər təkmilləşdirildi, metodologiya olduğu kimi
qalır
Pedaqoqlar hazırlanmır
Dil baryeri
Naşir Orduxanov məktəbi 2015-ci ildə Bolnisi bələdiyyəsində
bitirib, o zaman Gürcüstanın yaxın tarixi haqqında yuxarı sinif
kitablarında demək olar, heç nə yazılmamışdı.
“2008-ci ilin aqvust müharibəsi haqqında tələbə olduğum
zaman təəssüratlarım yarandı”, – Naşir deyir.
“Bizim regionda adamlardan Noe Jordaniyanın kim olduğunu
soruşaq. Yəqin 99% bilmir. Müvafiq olaraq, yaxşı görünür ki, təhsil
sistemimizdə problem var. Mənim yadımdadır, beşinci sinifdə
Gürcüstan tarixi kitabımız var idi, kitab məlumat baxımından
həqiqətən yaxşı idi, amma yuxarı sinif kitablarında mühüm heç nə
yazılmamışdı”.
Naşir hesab edir ki, Gürcüstanın yaxın tarixi haqqında
məlumatın olmaması həm də dil baryeri problemidir, – ona görə də
şagirdlərə qonşu ölkənin münaqişələri öz ölkəsindən daha
yaxındır.
“Hərdən deyirik, niyə məhz həmişə Abxaziyadan deyil,
Qarabağ müharibəsindən danışırlar. Ona görə ki, gürcü dilini
bilməyən adamlar xarici, Azərbaycan kanallarına baxırlar və orada,
aydındır ki, Qarabağ müharibəsini eşidirlər. Abxaziya haqqında
ümumiyyətlə dialoq yoxdur. Yenə məktəblərə aksent etməliyik ki,
məktəblərdə ətraflı məlumat olsun, Gürcüstanın yaxın tarixi,
həmçinin qeyri-gürcüdilli məktəblər üçün əlçatan
olmalıdır”.
Mansur Nəsibov məktəbi Marneuli rayonun Mollaoğlu kəndində bitirib.
O, şagirdlik dövründə Gürcüstanın yaxın tarixinin dərindən izah
olunmadığını deyir.
Mansur Nəsibovla eyni kənddə yaşayan və həmin məktəbi bitirən
Gülçin İsmayılova orta təhsilini 2022-ci ilə bitirib. Onun
sözlərinə görə, tarix dərsliklərində Abxaziya və Cənubi Osetiya ilə
bağlı məlumatlar olmayıb.
Turqay Dəmirçəlov 3 il əvvəl Marneuli bələdiyyəsinin Xuldərə kənd
orta məktəbini bitirib. O, bildirir ki, Gürcüstanın yaxın tarixi
haqda məlumatları onlar əsasən məktəbi bitirdikdən sonra qeyri
formal təhsil sayəsində öyrəniblər.
Bu problemlər sərhədyanı kəndlərdə daha çox hiss olunur. Bunların
hamısını şagirdlərin dövlətçilik düşüncəsinin qayğısına qalan
pedaqoqlar görürlər və öz fənlərindən əlavə şagirdlərə Gürcüstan
tarixi kimi mühüm mövzular haqqında danışmağa çalışırlar.
Təcrübələrini bölüşmək üçün iki pedaqoqla danışdıq. Onlar
kimliklərinin açıqlanmasını istəmədilər, çünki
“problemlərinin yaranmasını
istəmirlər”.
“Təəccüb içindəyəm. Bilmirəm, uşaqlar tarixi
öyrənmirlər, müəllimlər öyrətmirlər, ya da ümumiyyətlə kitablar
yoxdur?”, – İamze müəllim bildirir (ad şərtidir), o,
6 ildir Marneulidə gürcü dilini tədris edir.
“İlk gündən soruşanda uşaqlar Abxaziya müharibəsi
haqqında heç nə bilmirdilər. Hər il təkrar etməli oluram ki,
Abxaziya bizim ərazimiz idi”.
Marneuli məktəblərindən birinin pedaqoqu Qiorqi (ad şərtidir) də
eyni şeyi deyir. O, Marneuliyə gürcü dili tədris proqramı ilə gəlib
və çalışır ki, dövlət dilindən başqa şagirdlərə Gürcüstan tarixi
haqqında da məlumat versin.
“Düzünü desəm, bu vəziyyət (qonşu ölkənin
münaqişələrinin öz ölkəndən daha yaxın olması) yalnız şagirdlərdə
deyil, əhalidə də müşahidə olunur. Biz, gürcü dili müəllimləri
əksər hallarda çalışırıq, 27 sentyabr tarixində – Abxaziyanın
süquta uğradığı gün tədbir keçiririk, 8 avqust haqqında da
danışırıq. Bundan əlavə, mənim özümün şagirdlərim tarix
müsabiqəsinə qoşulmuşdular. Deyə bilmərəm ki, yaxşı nəticəmiz var
idi, amma irəli atılmış addım idi, şagirdlər Gürcüstan tarixi ilə
maraqlanırdılar”.
Yeni dərsliyin həmmüəlliflərindən tarixçi Temur Şalamberidze
bildirir ki, əsas problem müəllimlərin kompetensiyasıdır. O,
Marneuli bələdiyyəsnin Görarxı kəndində tarix dərsi keçir. Yeni
dərsliyin müəlliflərindən biridir. O, bildirir ki, köhnə kitablarda
Gürcüstanın yaxın tarixinin tədrisinə sonuncu başlıqlar həsr
edilirdi , buna görə də pedaqoqlar əksər hallarda proqramı
mənimsəyə bilmirdilər, ancaq müəllimlərin kompetensiyasını diqqətə
yetirən problemdən qaçmamalıyıq.
Temur Şalamberidze bildirir ki, Kvemo Kartlidəki etnik erməni və
azərbaycanlı şagirdlərin oxuduğu eyni məktəbdə tarixin düzgün
tədris edilməsi xüsusilə mühümdür.
“Etnik erməni və azərbaycanlı uşaqların bir sinifdə
oxuduğu kəndlərdə vahid identliyin formalaşması xüsusilə vacibdir.
Müvafiq olaraq, müəllimlərin kompetensiyasının yüksəldilməsinin
vacib olması mövzusuna qayıdırıq və eləcə də təcrübə üçün mübadilə
proqramları olmalıdır”.
Tarixçi düşünür ki, problemin həlli yollarından biri pedaqoqların
hazırlanması və yeni metodologiyaların mübadiləsidir.
Müəllimlərin hazırlığı üzərində işləyən təşkilatlardan biri Qafqaz
Evidir. Təşkilatın Sülh Proqramının rəhbəri Vano Abramişvili deyir
ki, onların layihələri çərçivəsində də qeyri-formal yol ilə
şagirdlərin və müəllimlərin tarix üzrə hazırlanmasına
çalışırlar.
“Aydındır ki, müəllimlərin bu məsələləri necə öyrədə biləcəkləri
ilə bağlı kompetensiyası və metodologiyası baxımndan böyük problem
var. Elə məlumat versinlər ki, bu münaqişə daha pis çıxmasın və
şagirdlərə özlərinin nəticə çıxarmalarına, yaxud sual vermələrinə
şərait yaratsın”, – Abramişvili bildirib.
“Qafqaz Evinin” 2021-ci il araşdırmasına görə, etnik gürcü gənclər
Abxaziya və Tsxinvali regionunda mövcud münaqişələrə etnik olaraq
erməni və azərbaycanlı həmyaşıdlarına nisbətən demək olar ki, 2
dəfə çox maraq göstərirlər.
"Etnik azlıq nümayəndələri onları münaqişə, ümumi
dövlət problemi kimi qəbul etmirlər", – Qafqaz Evinin
Sülh Proqramının rəhbəri bildirir.
Vano Abramaşvilinin sözlərinə görə, onların təşkilatı gələcəkdə
Marneulidə etnik azlıqlarla münaqişələr üzrə fəal işləməyi
planlaşdırır. Onlar qeyri-formal təhsilin formal təhsillə əvəz
olunmasını istəyirlər. Məhz bu məqsədlə onlar Gürcüstanın Təhsil
Nazirliyi və Parlamentin Təhsil Komitəsi ilə birlikdə münaqişələr
mövzusunun məktəblərdə necə dərindən tədris olunacağına dair plan
hazırlayırlar.
Məktəblərdə müəllim hazırlığı və Gürcüstanın ən yaxın tarixinin
dərindən tədrisi tətbiq olunana qədər elə bir vəziyyət yaranıb ki,
etnik azlıqları təmsil edən gənclərin bir qismi Gürcüstanın yaxın
tarixi haqqında məlumatları sinifdən kənarda öyrənir. Tədqiqat və
məlumatlandırma kampaniyalarının olmaması səbəbindən etnik
azlıqların məskunlaşdığı bölgələrdə yaşayan gənclərin Rusiyanın
Gürcüstan ərazisində apardığı müharibələr haqqında məlumatları nə
dərəcədə dərindən bilməsi naməlum olaraq qalır.