Bu gün, 20 fevral tarixində Marneulidə “Modus” kollecində
“Bərabərlik üçün karyeraya dəstək” layihəsinin təqdimatı
keçirilib.
Layihənin məqsədi kollecdə və bələdiyyədə inklüziv mühit yaratmaq,
karyeraya dəstək xidmətlərini gücləndirməkdir.
Layihənin təqdimatında Amerikanın Gürcüstandakı səfirliyinin
missiya rəhbərinin müavini Alan Persli, Gürcüstan Elm, Təhsil və
Gənclər nazirinin birinci müavini Aleksandre Tsuladze, Kvemo Kartli
qubernatoru Qiorqi Doxturaşvili, Marneuli Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadze,
Parlamentin deputatları çıxış etdilər.
Amerika səfirliyinin missiya rəhbərinin müavini “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, Amerika Birləşmiş Ştatları
Gürcüstanda peşə təhsilinin inkişafına dəstək olmağa davam
edəcək.
“Bu gün burada, “Bərabərlik üçün karyeraya dəstək”
layihəsinin açılış tədbirində olduğuma görə sevinirəm. Layihə
“Modus” peşə təhsil kolleci tərəfindən həyata keçirilir və ABŞ
səfirliyi tərəfindən maliyyələşdirilir. Belə layihələr yerli
özünüidarənin, ABŞ səfirliyinin, maarifçilərin birgə fəaliyyət
layihəsidir ki, Marneulidə, bütün Gürcüstanda peşə təhsilinin
inkişafına dəstək olaq. Bu layihənin mənə böyük təəssürat
bağışlayan aspektlərindən biri uşaq otağının yaradılmasıdır. Uşağı
olan tələbələr üçün bu proqramı daha əlçatan edir. Peşə təhsili
Gürcüstanda işçi bacarıqlarının inkişafı baxımından çox böyük rol
oynayır. Biz Gürcüstan hökuməti, təhsil müəssisələri ilə
əməkdaşlıqdan çox xoşbəxtik və bu kimi fəaliyyətlərimizə davam
edəcəyik”, – Alan Persli bildirib.
Layihə çərçivəsində kollecdə uşaq otağı yaradılıb və otaq müvafiq
inventarla təchiz edilib. Məkanın yaradılmasında məqsəd uşaqların
peşə təhsilinə qoşulmuş valideynlərinə dəstək olmaqdır ki, onlar
tam təhsil ala bilsinlər.
Gürcüstan Elm, Təhsil və Gənclər nazirinin birinci müavini
Aleksandre Tsuladze görüşdə çıxışı zamanı bildirdi ki, ölkə
Gürcüstanda peşə təhsilin populyarlaşdırılması ilə böyük addım
atmış oldu.
“Təqdimatı üçün toplaşdığımız layihə, xüsusilə
azlıqların yaşadığı regionlar üçün çox mühümdür. Ümumiyyətlə,
karyera yüksəlişi və peşəkarlaşma sisteminin bütün Gürcüstan üçün
təşviqi, tədrisi, qadınların bu prosesə cəlb edilməsi və gender
bərabərliyi məsələlərinə dəstək, əminəm ki, ölkəmiz, bu region üçün
böyük nəticələr verəcək”, – Aleksandr Tsuladze
bildirib.
Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili layihənin təqdimatında
çıxışı zamanı bildirdi ki, Gürcüstanda peşə təhsili almaq ən böyük
çatışmazlıqlardan biridir.
“Bir çox hallarda ən böyük problem ixtisasların
olmamasıdır. Konkret bir işə başlayanda ətrafımıza baxırıq və
görürük ki, ölkədə və təbii ki, Kvemo Kartlidə də müvafiq kadrlar
çatışmır, gəlin bunu etiraf edək. Rayonumuzda vətəndaşlarımız üçün
yaratdığınız imkana görə çox sağ olun. “Modus” Kollecinin
fəaliyyəti və əhaliyə hansı imkanlar təqdim etdiyi barədə müxtəlif
bələdiyyələrdə aktiv kampaniya aparmağı nəzərdə tutan bu
kampaniyaya mütləq qoşulacağıq”, –Qiorqi Doxturişvili
bildirdi.
Layihə çərçivəsində Marneuli, Qardabani, Bolnisi və Tetritskaronun
dövlət məktəblərində və icmalarında peşə təhsili, peşəkar
proqramların imicini artırmaq məqsədilə 11 aylıq məlumat
kampaniyası nəzərdə tutulub. Ümumilikdə, 40 dövlət məktəbində
məlumat xarakterli görüşlər keçiriləcək və əlavə olaraq 18-35 yaş
qrupu üzrə 40 icma toplantısı təşkil olunacaq.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə
görə, kollecdə uşaq məkanının açılması gənc analar üçün vacibdir
ki, onların tamhüquqlu təhsil almaq imkanı olsun.
“Oxşar layihələrin həyata keçirilməsini alqışlayıram.
Bu gün “Modusda yenilik “var, gənc analara tam hüquqlu təhsil almaq
imkanı verəcək uşaq guşəsi açılıb və bu bizim üçün çox vacibdir.
Bizim üçün prioritet məsələlərdən biri vətəndaşlarımızın təhsili,
peşəkar bacarıqlarının artırılması və karyera
yüksəlişidir”, – Amiran Qiorqadze bildirdi.
“Bərabərlik üçün karyeraya dəstək” 15 aylıq layihədir və
təlimçilərin hazırlanması prinsipləri, karyera və peşə istiqaməti,
qızların təhsili və gender bərabərliyi məsələləri üzrə 20 karyera
məsləhətçisinin hazırlanmasını əhatə edir.