Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd
olunur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və
inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.
Marneulidə və ümumiyyətlə Kvemo Kartli regionunda etnik azlıqların
məskunlaşdığı kəndlərdə məktəblər ana dilində fəaliyyət göstərir.
75 illik Sovet dövrü zamanı Gürcüstanda və bütün sovetləşdirilmiş
ölkələrdə əsas
dil rus dili idi. Sovet İttifaqının dağılmasından
sonra Gürcüstanda yenə də rus məktəblərində təhsil alan nəsil var
idi.
2000-ci illərdən gürcü dilini öyrənmək ehtiyacı yarandı və
azərbaycanlı uşaqlar kütləvi şəkildə gürcü məktəblərinə getdilər.
Bu halda ana dili olan Azərbaycan dili ilə bağlı nə baş verir? Bu
gün ana dilini hansı səviyyədə bilirik? Biz bu məsələlərlə bağlı
“Gürcüstan” qəzetinin redaktoru Binnət Əli oğlu Məmmədov və
professor Mahmud Kamaloğlu ilə söhbət etdik.
Binnət Əlioğlunun sözlərinə görə, dil hər bir insanın milli
varlığının və milli kimliyinin təsdiqidir. Əməkdar jurnalist deyir
ki, dilin dövlət statusuna yüksəlməsi hər kəsə, hər bir millətə
müyəssər olmur.
“Onun uğrunda mübarizə aparmaq, onu yaşatmaq hər bir
millətin nümayəndəsinin şərəfli və insanlıq borcudur. Milli
kimliyinin saxlamaq naminə atdığı addımlardır. Dilin qorumağın
müxtəlif yolları var. Əgər bu dil dövlət statusuna yüksəlibsə, bu
onun ən yüksək zirvəsi sayıla bilər. Bu o deməkdir ki, dövlət artıq
öz dilinin sahibidir. Bunu qorumağın və yaşatmağın müəyyən
yollarından biri yazarların, qələm sahiblərinin boynuna düşən bir
yükdür. Həmin qələm adamları müxtəlif sahələrdə əsərlər yazmaqla
onu daha da zənginləşdirirlər. Azərbaycan dili bizim qələm
sahiblərinin sayəsində ən zəngin dillər siyahısına daxil
olub”.
Binnət Əlioğlunun dediyinə görə, biz dilimizi ana dili
adlandırırıq. Buna görə də, anamızın yaşamağını istəyiriksə
dilimizi zənginləşdirməliyik.
“Anamızın yaşamağını istəyiriksə onun dilində, onun
söylədiyi nağıllardır, bayatılardır, oxşamalardır, əzizləmələrdir
və s. biz hökmən bu dili təkcə danışıq dili formasında yox, tarixi
bir ənənəyə söykənərək onu daha da zənginləşdirməliyik. Dilin
zənginləşməsində elm və texnikanın özünün də böyük təsiri var. Yeni
yaranan sözlərin öz dilimizə gətirmək, xalqın ruhuna uyğunlaşdırmaq
həmin ziyalıların, həm də bizim borcumuzdur və vəzifəmizdir.
Çalışıb yad təsirlərdən də onu qorumaq
lazımdır”.
Əməkdar jurnalistin sözlərinə görə, hər şeyi məktəbin boynuna atmaq
da düz deyil. Hər bir insanın dilə qarşı sevgisi olmalıdır.
“Mən elə başa düşürəm ki, hər şeyi məktəbin boynuna
atmaq da düz deyil. Məsələn, bəzi insanları deyirəm. Tutaq ki,
Azərbaycanda doğulmayıb. Ana dilini də bilmir. Gedib düşüb
Amerikaya, Kanadaya. Amma onun içində milli təəssübkeşlik
olmalıdır. Öz dilinə qarşı sevgi olmalıdır. O, internetdən də o
şeyləri öyrənə bilər və ya müxtəlif kurslara da gedə bilər. Sadəcə
içində tərpəniş olmalıdır. Dilə qarşı sevgisi olmalıdır. Özünün
milli kimliyinə qarşı həssaslığı olmalıdır”.
Professor Mahmud Kamaloğlu “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, sovetlər birliyi dönəmində əsasən ana dili, ədəbi dil
məktəblərdə öyrədilirdi.
“Dövri mətbuatda ədəbi dildən kənara çıxılmırdı. Amma
çox təəssüflər olsun ki, sovetlər birliyi dağıldıqdan sonra bizim
ədəbi dilimiz də, elə bizim ana dilimiz də, demək olar ki, artıq öz
yolundan çıxıb. Onun da əsas səbəbi nədir? Bunun əsas başlıca
səbəbi sosial medialarda istənilən şəxs, istənilən sözü, istədiyi
şəkildə yazır. Sosial media da ədəbi dildə olmalıdır. Artıq bu
məktəblərə də keçib. Məktəblərdə də həmin şey var. Deməli artıq
orda nə böyük hərf var, nə kiçik hərf var, nə durğu işarələri var.
Kim nə istəyir, hansı şəkildə istəyir, yazır. Bugünkü camaatın çoxu
bunu ədəbi dil kimi qəbul edir. Əslində bu ədəbi dil deyil. Bizim
ədəbi dilimizə uyğun olmayan, bizim dilimizdə işlənməyən sözləri
gətirirlər. Rus dilində işlənən sözləri gətirirlər. Hansı ki, bu
bizim ədəbi dilimizdə yoxdur”.
Professor qeyd edir ki, sosial mediaya da məktəb kimi diqqət etmək
lazımdır. O, qeyd edir ki, əvvəllər məktəblərdə yazı işləri var
idi. Onları da müəllimlər yoxlayaraq qiymət verirdi.
“Artıq bunların çoxu da ləğv olunub. Heç olmasa
müəllimlər dəftərləri yoxlayırdı. İmla, inşa yazırdılar. Çox
məktəblərdə bu sıfır səviyyəsindədir. Ədəbi dilimizin qarşısını
almaq artıq qeyri mümkündür. Artıq bugünkü dövrün mətbuatında ədəbi
dilimizin normalarından istifadə etmirlər. Bu da bizim ədəbi
dilimizi uçuruma aparır. Artıq pozulubdur. Ədəbi dil normalarından
nə məktəblər, nə media, nə sosial media, nə də ki, qəzetlər
istifadə edir. Kim hansı şəkildə istəyir, onu da yazır. Əslində bu
sosial mediadan istifadə edən gənc nəslə də təsir edir. Onlar
deyirlər ki, mən dünən bunu sosial mediada oxudum, belə yazılmışdı.
Daha onu başa salmaq olmur ki, bu ədəbi dilin normasını, qaydasını
pozubdur”.
Mahmud Kamaloğlunun sözlərinə görə, bizim dilimizin başqa dillərdən
fərqli öz qrammatikası var və biz də o qrammatikaya düzgün riayət
etməliyik.
“Bugünkü gün ədəbi dilimiz demək olar ki, hər tərəfdən
dağıdılıb. Adicə bir nəfər götürüb bir kitab poema yazır, biri isə
bir səhifəlik poema yazır. Bunun ədəbi dildə, bədii ədəbiyyatda da
özünün qaydaları var. Şeir nədir? Şeir niyə bir bənddir? Niyə beş
bənddir? Poema, hekayə, esse, roman nədir? Bu gün bunları bilməyən,
yerindən qalxan kim nə istəyir, yazır. Bu da bizim ədəbi dilimizə
təsir edir. Ədəbi dilimiz demək olar ki, yox olmaq ərəfəsindədir.
Mən arzu edirəm ki, bunun üzərinə məktəblərdə düşmək lazımdır.
Əsasən müəllimlərdən asılıdır. Ədəbi dilin normaları Azərbaycanda
var. Bu Gürcüstanda demək olar ki, yoxdur. Burda savadlı
insanlarımız, ziyallılarımız var. Onların yazısında bunlara əməl
edilir. Qalanlarının hamısı isə ədəbi normalarını pozur”.
Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü
kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin
təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili
Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin
Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə
aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların
xatirəsində canlandırır.