Marneuli bağçalarında yaz tətili olacaqmı - AÇIQLAMA
Məktəblərdə olduğu kimi uşaq bağçalarında da yaz tətili olacaq. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosuna bildirdi ki, Marneuli bələdiyyəsinin uşaq bağçalarında yaz tətili 8 mart tarixindən başlayacaq. Onun sözlərinə görə, uşaqlar və bağça əməkdaşları üçün tətil müddəti fərqli olacaq.

“Tətil 8 martdan başlayaraq 14 marta qədər davam edəcək. 15 martdan isə bağçalarda təhsil
bərpa olunacaq. Amma işçilər sanitar günlərdə işə çıxacaqlar və işləyəcəklər. Uşaqlar tətildən qayıdana qədər hazırlıq işləri görməlidirlər”,
– Kərəmov bildirdi.

Kərəmovun sözlərinə görə, məktəbəqədər hazırlıq mərkəzləri də tətilə çıxacaqlar.

“Məktəblər bağlandığına görə, məktəbəqədər hazırlıq qrupları da tədrisi dayandırır”.

Qeyd edək ki, Marneuli bələdiyyəsi miqyasında 14 uşaq bağçası var. Onlardan yalnız 11-də tədris prosesi həyata keçirilir. Bununla yanaşı Marneulidə 19 ərazi vahidliyində 32 məktəbəqədər hazırlıq mərkəzi də fəaliyyət göstərir.

Onu da əlavə edək ki, Marneuli bələdiyyəsinin ictimai məktəblərində yaz tətili 8 mart tarixindən başlayacaq. Bələdiyyə miqyasında fəaliyyət göstərən 74 ictimai məktəbdə təhsil prosesi 15 mart tarixində bərpa olunacaq.

Məktəblərdə dövlət istirahət günləri bunlardır:
  • 14 oktyabr – Svetitsxovloba;
  • 23 noyabr – Müqəddəs Qiorqinin anım günü;
  • 19 yanvar – Natlisğeba;
  • 3 mart – Analar günü;
  • 8 mart – Beynəlxalq qadınlar günü;
  • 9 aprel – Vətən uğrunda həlak olanların anım günü;
  • 9 may – Faşizm üzərində qələbə günü;
  • 12 may – Müqəddəs Andrianın anım günü;
  • 26 may – Gürcüstanın müstəqillik günü.
Print Email
FaceBook Twitter Google