Abituriyentlər Vahid Milli İmtahanlara hazırlaşmaq üçün xüsusi
müəllimlərdən yardım alırlar.
Onlar bir neçə fənn üzrə hazırlaşırlar və nəticədə bu onlar üçün
maddi cəhətdən problem yaradır. Bəzi hallarda onlar mentorların
yanına getmək üçün öz kəndlərindən başqa kəndə və ya rayon
mərkəzinə getməli olurlar. Bu halda onlar nəqliyyat problemi ilə də
üzləşməli olurlar.
Marneuli bələdiyyəsinin Sadaxlı kəndindən olan abituriyent Sevgi
Nəsibova bildirir ki, məktəbdə keçirilən dərslərin vaxtı az
olduğundan əlavə hazırlığa ehtiyac duyur.
“Artıq 3 ildir, hazırlığa gedirəm. Məktəbdə keçirilən
dərslər səsli-küylü keçir və dərslərin müddəti az olduğundan əlavə
hazırlığa ehtiyac duyuram. Hazırlıqda ən az 2 saat davam edir
dərslər. Ən çox 12-ci sinifdə xüsusi müəllimə ehtiyac duydum.
İmtahanları iki fəndən - riyaziyyat və məntiqdən veririk. Ancaq
Məntiq məktəblərdə tədris olunmur. Riyaziyyat fənni üçün ayda 50
lari, məntiq üçün isə ayda 80 lari verirəm.
Ötən il rayona gedirdim dərsə. Dərslərim saat 6-da bitirdi və
dərsdən yarım saat tez çıxmalı olurdum, marşruta çata bilmirdim”,
- Sevgi Nəsibova dedi.
Marneuli bələdiyyəsində yaşayan Aytən Qaraqaşeva 7 aydır, hazırlığa
getdiyini bildirir.
“Hazırlıqda hər şeyi məktəbə nisbətən daha rahat və daha
aydın qavraya bilirəm. Mən hələ 11-ci sinifdə olduğum üçün
riyaziyyat üzrə hazırlaşıram, gələn il məntiq üzrə də hazırlığa
gedəcəyəm. Riyaziyyat fənninə görə ayda 70 lari ödəyirəm. Əgər
12-ci sinif sırf universitetə hazırlıq sinfi olsaydı, əlavə
müəllimlərdən dərs almazdım”, - Aytən Qaraqaşeva
bildirdi.
12-ci sinif şagirdi olan abituriyent Aysun Budaqova da 2 ildir,
hazırlığa getdiyini bildirir.
“2 ildir, hazırlığa gedirəm. 2 ildə hazırlıqlara təxminən
orta hesabla 1500 lari xərcləmişəm. Orta təhsilimiz, düşünürəm ki,
aşağı səviyyədədir. Ona görə də, hazırlığa getməyə ehtiyac duyuruq.
İndi öyrəndiklərimiz orta məktəbdə keçirilən materiallardır, amma
biz onları indi öyrənirik. Təhsilin səviyyəsi yüksək olsa, əlavə
hazırlıqlara getməyə ehtiyac duymarıq. İmtahanda məntiq və
riyaziyyatdan suallar düşəcək deyə onlara hazırlaşıram. Riyaziyyat
fənni üçün ayda 70, məntiq üçün isə 80 lari ödəyirəm”,
- Aysun Budaqova qeyd etdi.
Abituriyent Aysun Bediyeva iki fənn üzrə hazırlaşdığını qeyd
edir.
“2 fənn üzrə hazırlaşıram imtahana. Məntiq və
riyaziyyat dərslərinə gedirəm. Hər ay hazırlıq üçün 150 laridən
artıq pul ödəyirəm. Müəllimlər öz kəndimizdə olmadığından qonşu
kəndə getməli oluram", - Aysun Bediyeva.
Buradan irəli gələrək, abituriyentin universitetə hazırlaşması və
təhsil alması bir sıra çətinliklərlə əlaqələndirilir. Bütün bunlar
üçün ailə aylıq olaraq müəyyən qədər məbləğ ayırmağa ehtiyac
duyur.
Qeyd edək ki, 2010-cu ildən etibarən “1+4” proqramı qanunda yer
alıb və etnik azlıq nümayəndələri bu proqram çərçivəsində təhsil
almaq imkanına sahib olublar.