“Mən hesab edirəm ki, Temur Abazov
bu ərizəni özü yazmayıb, ona yazdırıblar. Bu gözlənilməz deyil,
hamımız bunu gözləyirdik”, – Əhməd İmamquliyev Temur
Abazovun istefa ərizəsi ilə bağlı deyib.
Marneuli Bələdiyyə Məclisinin üzvünün dediyinə görə, “Gürcü arzusu”
bilirdi ki, Temur Abazov da ona qarşı irəli sürülmüş ittihamların
ağırlığından irəli gələrək, Marneuli meri vəzifəsində qayıda
bilməyəcək.
İmamquliyev hesab edir ki, Abazov gec olsa da, düzgün qərar qəbul
edib – “yaxşı olardı ki, Abazov bu qərarı altı ay öncə
qəbul edəydi”.
“Avropalı Gürcüstan”ın deputatı hesab edir ki, Abazovun istefa
ərizəsi seçkilərin may ayında keçirilməsi ilə bağlıdır. Belə ki,
Gürcüstan Seçki Məcəlləsinə görə, əgər merin səlahiyyətləri 15
iyuldan 15 fevral tarixinədək dayandırılarsa, növbədənkənar
seçkilər may ayında keçirilir. Əgər Abazov ərizəni 15 fevraldan
sonra yazsaydı, seçkilər oktyabr ayında keçirilməli idi.
İmamquliyev qeyd edir ki, “Avropalı Gürcüstan” seçkilərdə mütləq
iştirak edəcək. Partiyanın namizədinin kim olacağı barədə isə hələ
qərar verilməyib.
“Mənim namizədliyim irəli sürüləcək, yoxsa başqasının –
bu barədə partiyanın Marneuli rayon təşkilatı birgə qərar
veriləcək. Hesab edirəm ki, belə məsələ birtərəfli həll
olunmamalıdır. Əgər bizim komanda mənim namizədliyimin irəli
sürülməsi ilə bağlı qərar qəbul edərsə, mən Marneulinin əsl
vətənpərvər və rayonunu sevən meri olması üçün mübarizə
aparacağam”, – Əhməd İmamquliyev deyir.
İmamquliyevin dediyinə görə, koalisiyanın yaranması ilə bağlı
partiyada müzakirə keçirilməyib, lakin hesab edir ki, İvanişvilinin
hakimiyyətini məğlub etmək üçün birlikdə mübarizə yaxşı olar.
Temur Abazov vəzifəsindən istefa etməsi ilə bağlı ərizəni 12 fevral
tarixində Marneuli Bələdiyyə Məclisinə təqdim edib.
İlk olaraq Bələdiyyə Məclisi onun səlahiyyətlərini 13 iyun
tarixində Prokurorluq tərəfindən Elçin Allahverdiyevə qarşı
alçaldıcı və qeyri-insani rəftar ilə bağlı ittiham irəli
sürüldükdən sonra dayandırmışdı.
Abazov 7 ay müddətində ilkin həbsdə olub. Dekabr ayında məhkəmə onu
girov qarşılığında azadlığa buraxıb.
Məhkəmə prosesi isə hələ davam edir.