Məscidin imamı milli xalçaları Türkiyədən gətirdiyi yeni xalça ilə əvəz edib – Zaur Xəlilli
"Mənim yolum Qaraçöpə – Ləmbəli kəndinə düşdü. Kənd məscidində gördüklərim məni təəccübləndirdi", – bu sözləri sosial şəbəkədə Həmrəylik Muzeyinin layihə meneceri Zaur Xəlilli yazıb. Onun sözlərinə görə, məscidin imamı milli xalçaları Türkiyədən gətirdiyi yeni xalça ilə əvəz edib.

Zaur Xəlillinin paylaşımını olduğu kimi sizə təqdim edirik.

"Bu yaxınlarda xalça işi ilə bağlı toxucularımızı yeni toxunan xalçalar üçün sapla təmin etmək məqsədi ilə yolum yenə Qaraçöpə, Ləmbəli kəndinə düşdü. Tez-tez bura əcnəbi qonaqlarla səfər edəndə onları məscid və məsciddəki xalçalarla tanış edirəm. Bu səfərimdə də yalnız deyildim və xarici iş yoldaşlarımla bərabər səyahət edirdim. Məsciddəki xalçaları onlara göstərmək istədim. Onlardan biri məscidi və oradakı xalçaları görməmişdi. Getdik, içəri girdiyimizdə qarşılaşdığımız mənzərəyə təəccüblənmiş kolleqam burada nə baş verdiyini soruşdu. Mən də öz təəccübümü gizlədə bilmədim və gördüyümüz vəziyyət bizi şoka salmışdı.

Məscidin imamı ilə əlaqə saxladıq və o, bu yeni xalçaları Türkiyədən alıb, əvvəlki milli xalçalarımızı isə bir otaqda saxladığını bildirdi. Qarşılaşdığım mənzərə mənə xoş təsir bağışlamadı. Həmişə bu tərəfə yolum düşəndə xarici qonaqları, kolleqalarımı dəvət edir, onlara bu xalçalardan, məsciddən bəhs edirdim. Bu xalçalar oranın abı-havasını tamamilə dəyişirdi və mədəni irsimizə məxsus, dünyada öz stilinə görə çox məşhur olan Qaraçöp xalçalarımız bu formada nümayiş etdirilirdi. Hər zaman bura ilk dəfə gələn insanlar xoş təəssüratla ayrılırdılar".


Zaur Xəlilli paylaşımla yanaşı şəkil də paylaşıb. O, şəkillərin birini 2021-ci ildə, digərini isə indi çəkdiyini qeyd edib.


Print Email
FaceBook Twitter Google