Dmanisi - rəsmi saytın azərbaycan dilində də fəaliyyət göstərdiyi yeganə bələdiyyə
Dmanisi Kvemo Kartlidə yeganə bələdiyyədir ki, etnik azərbaycanlılar bələdiyyənin veb-səhifəsindən Azərbaycan dilində məlumat ala bilirlər. Sayta Azərbaycandilli bölmə iki ay əvvəl, Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvilinin təşəbbüsü ilə əlavə olunub.

Dmanisi meriyasının mətbuat xidmətinin rəhbəri Mariam Muradaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, dil baryeri onların bələdiyyəsində bu günə qədər problemdir və sakinlərin məlumatlandırılması onlar üçün prioritetdir.

“Bildiyiniz kimi, Dmanisi bələdiyyəsində etnik azərbaycanlılar yaşayırlar. Bizim üçün dil baryeri problem olaraq qalır və dövlət bunun üçün müxtəlif proqramlar həyata keçirir. Ona görə də merin təşəbbüsü ilə bələdiyyədə yayımlanan, hökumətin dəstəyi ilə həyata keçirilən layihələr, proqramlar və ümumiyyətlə bütün yeniliklər bizim veb-səhifəyə Azərbaycan dilində də yerləşdirilir ki, hamı üçün məlumat əlçatan olsun. Eləcə də təxminən 2 aydır, Dmanisi qəzeti çıxır, qəzet gürcü və azərbaycan dillərində çap olunur. Yarım il olar ki, sayt üzərində işləməyə başlamışıq. Bilirsiniz ki, material çox böyük idi, ona görə vaxt bir az uzandı, mərhələli şəkildə tam tərcümə edirik ki, sənədlər də tərcümə olunsun, öz dillərində tam məlumat alsınlar. Biz istəyirik ki, bələdiyyədə həyata keçirilən hər şey barədə bizim həmvətənlərimizin də məlumatı olsun”.

Mariam Muradaşvili bildirir ki, Dmanisi bələdiyyəsinin veb-səhifəsində gürcü dilindən başqa Azərbaycan dilində məlumat əldə etmək düyməsi əlavə olunduqdan sonra sakinlərin proseslərə qoşulması artıb.

“Xüsusilə sosial şəbəkələrdə fəaldırlar və paylaşımlarla bağlı da fəallıq hiss olunur. Saytda fəallığı və baxış sayını aydın görürük. Bunlar hamısı isə hər bir sakinə dəqiq məlumat çatdırmağa dəstək olur. Həqiqətən fəallıq var”.

Dmanisi kimi Marneuli, Bolnisi, Tsalka, Tetritskaro və Qardabani də etnik azlıqların məskunlaşdığı bələdiyyələrdir. Ancaq bələdiyyələrin veb-səhifələrində gürcü dilindən başqa dildə məlumat görmək mümkün deyil.

Marneuli meriyası Azərbaycan dilində məlumatı yalnız sosial şəbəkədə, feysbukda yayımlayır. Marneuli bələdiyyəsinin rəsmi saytı 2016-cı ildən yenilənməyə başlayıb. 2018-ci ildə Temur Abazovun Marneuli meri olduğu dövrdə sayta azərbaycandilli versiyanın düyməsi də əlavə olunmuşdu. Amma düymə fəaliyyətsiz idi və bir müddət sonra yoxa çıxdı.

Marneuli meriyası saytı yeniləməyə bu il də qərar verib, yeni veb-səhifəni sadələşdirilmiş tenderlə 7500 lariyə yaradırlar. Sayt indiki mərhələdə yalnız gürcü dilində olacaq. Müqavilənin texniki tapşırığına görə, saytın dizaynında bələdiyyə loqosu və adı olmalıdır. Eləcə də saytda gürcü və ingilis dilləri arasında çevirmə fəaliyyətinə dəstək olmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google