Tbilisidə metro işləmir
Bu gün, 4 iyun tarixində, Tbilisidə metropoliten iflic vəziyyətə düşüb. Heç bir metro stansiyası işləmir.
Tbilisi Nəqliyyat Şirkətindən bildirilər ki, tezliklə Tbilisi meriyasının sərnişinlərin daşınması ilə hansı planlarının olduğu və tətil edən maşinistlərlə danışıqların aparılması barədə rəsmi açıqlama veriləcək.

Tbilisi metrosunun iflic vəziyyətə düşməsinə maşinistlərin tətil etməsi səbəb olub. Onlar əməkhaqlarının artırılmasını tələb edirlər və aksiya barədə bir neçə aydır ki, xəbərdarlıq edirdilər. Tbilisi meriyası və Tbilisi Nəqliyyat Şirkəti bu günədək onların tələblərinin əsassız olduğunu bildirirdi və tətil məsələsi məhkəməyə daşınmışdı.

Maşinistlərin Həmkarlar İttifaqı "Birlik 2013"-ün iş saatları zamanında tətil etməsini məhkəmə qadağan etmişdi. İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzinin hüquqşünası Lina Ğvianidzenin “Netgazeti” portalına verdiyi məlumata görə, başlatdıqları aclıq aksiyası üzündən maşinistlərin səhhətlərində problemlər yaranmışdı, onlar standart tibbi müayinədən keçə bilmirdilər və müvafiq olaraq metro qatarlarının onlar tərəfindən idarə edilməsini təhlükəsiz hesab etmək olmazdı. Məhz buna görə də metronun işi dayandırılıb.

Hüquqşünasın dediyinə görə, hüquqi cəhətdən metro maşinistləri məhkəmənin qərarını pozmayıblar.

Metro maşinistləri tətili və aclıq aksiyasına 3 iyun saat 15:00-da başlayıblar. Onlar Qldani deposu ərazisində, Tskalsadeni 55 ünvanında toplaşıblar.

“Birlik - 2013”-ün nümayəndəsi Rati Kapanadzenin dediyinə görə, aclıq aksiyası başladıqdan az bir müddət sonra bir neçə nəfərin təcili yardıma ehtiyacı olub. Tətil edənlərdən birini təcili yardım klinikaya aparıb, digərlərinə isə yerində yardım ediblər.

Rati Kapanadze deyir ki, onlar hələlik tətil və aclığı dayandırmağı planlaşdırmırlar.

Mənbə "Netgazeti"
Print Email
FaceBook Twitter Google