"Bizim kənddə tam orta təhsil almaq imkanı yoxdur"
“Əsas arzum oxuyub hüquq-mühafizə orqanlarında çalışmaq olub. Orta məktəbdə dərslərimibyaxşı oxumuşam. Amma məktəbimiz natamam orta təhsil verdiyindən, mənim də arzularım natamam qaldı ”- deyən 19 yaşlı Qəzənfər Yusifov, etnik azərbaycanlıların kompakt yaşadığı Marneul rayonunun İmir kəndindəki natamam orta məktəbi bitirib. Azərbaycan dillində tədris verən bu məktəbdə Qəzənfərin yalnız 9-cu sinfə kimi oxumaq imkanı olduğundan ali məktəbə daxil olub istədiyi peşəyə yiyələnmək istəyi də gerçəkləşməyib. Deyir indi kəndin əksər gəncləri kimi günü işsiz, bekar dolanmaqla keçir. Qəzənfərin sözlərinə görə, kənddəki məktəbi bitirdikdən sonra maddi imkanı olan ailələr övladlarını, təhsillərini başa vura bilmələri üçün qonşu kənddəki məktəbə yollayırlar. Amma onun ailəsi gündəlik yol məsrəflərini qarşılaya bilmədiyindən təhsilini davam etdirmək mümkün olmayıb:
“Tam təhsil verən orta məktəb kəndimizdən 6-7 kilometr aralıda yerləşir, həmin əraziyə də avtobus xətti yoxdur. Buna görə də hər gün həmin məktəbə gedib-gəlmək xərc tələb edir. Gedib gələn uşaqlar da var, mənim kimi gedə bilməyənlər də”.

Qəzənfər deyir ki, Azəraycan dilində təhsil aldıqlarından gürcü dilini də yaxşı mənimsəyə bilməyib. Həm orta məktəb təhsilinin yarımçıq olması, həm də dövlət dilini bilməməsi səbəbindən ən adi işlərə belə onu işə götürmürlər.
İmir kəndindəki sözügedən məktəbin binası həm də çox köhnə və şəraitsiz olduğundan, burda təhsil almaq şagirdlər üçün əlavə çətinliklər yaradır. İstilik sistemi belə olmayan məktəbdə qışda şagirdlərin davamiyyəti daha da aşağı olur.
Etnik azərbaycanlıların kompakt yaşadığı bölgələrdə Azərbaycan dilində təhsil verən məktəblərin əksəriyyətində təhsilin keyfiyyəti gürcü dilin bilən və müxtəlif fənn müəllimlərinin çatışmazlığı, məktəblərdə şəraiti qənaətbəxş olmaması və digər bu kimi səbəblərdən gürcü məktəblərinə nisbətən xeyli aşağıdır. Məktəblərin böyük qismində isə təhsil 9-cu sinfə kimidir. Bu səbəblərdən, hər il yüzlərlə etnik azərbaycanlı gənc öz arzularını gerçəkləşdirə, özünü bir potensiallı gənc kimi reallaşdəra bilmir.

Marneuli rayonunun Farizi kəndindəki orta məktəb də natamam təhsil verir. Artıq 11 ildir bu məktəbi bitirən Fuad Mürvətovun isə arzusu həkim olmaq idi:
“Məktəbdə dərslərimi yaxşı oxumuşam. Amma kəndimizdəki məktəbi bitirdikdən sonra təhsilimi davam etdirə bilmədim. Orta təhsilimi davam etdirmək üçün tam orta təhsil verən başqa məktəbə sənədlərimi verdim, amma maddi imkansızlıqdan onu bitirə bilmədim. İndi ancaq fəhləçiliklə, bir də həyatyanı təsərüfatla məşğul oluram”.

Marneuli Bələdiyyəsindəki Avropalı Gürcüstan Fraksiyasının və Avropalı Gürcüstan Partiyasının Marneulidəki rəhbəri olan Əhməd İmamquliyev hesab edir ki, etnik azərbaycanlıların təhsil problemləri həm də siyasi problemdir:
“Bu məsələnin həlli ilə hamı məşğul olmalıdır, amma bizim ictimai siyasi fəallar passivlik göstərir. Biz dəfələrlə meriaya müraciət etmişik ki, uzaq məsafədə yerləşən məktəblərə şagirdlərin gedib-gələ bilməsi üçün xüsusi avtobuslar ayrılsın. Digər təklifimiz isə ondan ibarət olub ki, həmin o natamam orta məktəblərdəki şagirdlərdən kimlər təhsilini davam etmək istirsə onlar üçün digər məktəblərdən müəllimlər cəlb edib onları oxudaq. Amma çox təəssüflər olsun ki, bizim bu təkliflərimizə mənfi cavab verilib”.
Əhməd İmamquliyev bildirir ki, etnik azərbaycanlıların təhsil problemi işsizlik və digər bu kimi problemlərın yaranmasın da ciddi rol oynayır. Onun sözlərinə görə, bu məsələyə biganə qaldıqca durum getdikcə daha da pisləşir.
Gürcüstan Parlamentində Milli Hərəkat Partiyasını təmsil edən deputat Azər Süleymanov isə məsələyə bir qədər fərqli yanaşdı:
“Hazırda Azərbaycan dilli məktəblərə tələbat azalmaqdadır, valideyinlər övladlarını gürcü dilli məktəblərə qoyur. Bununla belə əgər valideynlərdən natamam təhsil verən məktəblərin tam təhsil verməsi ilə bağlı bir təklif gələrsə, insanlar hazırkı duruma etiraz edərsə, təbii ki, biz də bir müxalifət partiyası olaraq bu məsələni ictimailəşdirməyə hər zaman hazırıq”.
Qəzənfər Yusifov hələ gənc olsa da, artıq arzularından əlini tam üzüb. İnidi günəmuzd fəhləçilik etməklə məşğuldur və artıq o da əksər həmgənliləri olan gənclər kimi taleyi ilə barışdığını deyir.

Xəyal Əzizov

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər