Yuxusuzluq insan sağlamlığına zərbə vuran əsas
amillərdən biridir. Normal yuxu təmin edilmədiyi halda orqanizmin
tam sağlamlığından söhbət gedə bilməz. Yuxu rejiminin pozğunluğu
orqanizmdə ağır fəsadlar törətməklə ən ciddi xəstəliklərə belə
səbəb olur. Bunları nəzərə alaraq yuxu rejiminə daima nəzarət
etmək, sağlam həyat tərzinin əsası olan sağlam və dərin yuxuya
sahib olmaq üçün bütün mümkün olan vasitələrdən istifadə etmək
lazımdır.
Yatmazdan əvvəl ayaqlarınızı ilıq su ilə yuyun,
daban və ayaq pəncələrinizi küncüt yağı ilə isladılmış pambıqla
silin. Bu ən yaxşı təbii sakitləşdirici vasitələrdən biridir.
Yatarkən üzünüzü
yorğanla örtməyin. Adətən soyuq havalarda insanlar buna vərdiş
edirlər. Bu isə olduqca zərərlidir. Belə ki, üzü bağlayarkən
orqanizm lazımi havanı qəbul edə bilmir.
Yataq dəstinizin təmiz və
quru olmasına xüsusi diqqət yetirin. Nəm və çirkli dəstlərdə yatmaq
orqanizm üçün təhlükəlidir.
Tez yatıb, tez durmağı vərdiş halına salın. Belə vərdiş sizi gün
ərzində gümrah və enerjili saxlayacaq.
Qarnı üstə yatmayın. Bu nəfəsalmanı
çətinləşdirir, dərin və sağlam yuxuya mane
olur.
Yatmazdan öncə otağın havasını dəyişin. Çox isti otaqda yatmağa
adət etməyin.
Yataq otağında heç bir məişət cihazı
saxlanılmamalıdır. Televizor, kompüter, planşet, smartfonları yataq
otağına qoymaq qəti yolverilməzdir.
Yatmazdan qabaq yeməkdən imtina edin. Dolu mədə
ilə yatmaq normal yuxuya mənfi təsir göstərir. Digər bir tərəfdən
isə yuxu öncəsi qəbul edilən qidanın orqanizm üçün heç bir faydası
olmur. Əksinə bu qidalar orqanizmdə toksinlərin yaranmasına səbəb
olur.
Yuxunuzun dərin və sağlam olmasını
istəyirsinizsə yatmazdan ən azı 1-2 saat əvvəl zehni əməklə məşğul
olmaqdan çəkinin.
Bu
adi qaydalara riayət etməklə sağlam yuxu sizdən qaçaq düşməyəcək və
siz səhərinizi gümrah və xoş əhvalla açacaqsınız.