Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi 2024-2025-ci tədris
ili üçün dövlət məktəblərində 1-ci sinif şagirdlərinin qeydiyyatı
ilə bağlı şərtləri müəyyən edib.
Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa məktəb yaşı ilə bağlı
dəyişiklik edilib.
O cümlədən, 2024-2025-ci tədris ilində dekabrın 1-dək 6 yaşı tamam
olacaq uşaqlar I sinfə qeydiyyatdan keçə biləcəklər.
Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, dəyişikliyə əsasən,
tədris ilinin başlandığı gündən dekabrın 1-dək anadan olmuş
şəxslərin valideynləri və ya qanuni nümayəndələri aşağıdakıları
seçmək hüququna malik olacaqlar: məktəbə hazırlıq proqramında və ya
birinci sinif şagirdləri kimi qeydiyyatdan keçmək.
Birinci sinif şagirdləri üçün qeydiyyat şərtləri aşağıdakı kimi
bölünür:
- I mərhələ – qeydiyyatın birinci mərhələsində, 2024-cü
il martın 6-dan 20-dək xüsusi təhsilə ehtiyacı olan uşaqlar
məktəblərdə qeydiyyata alınacaqlar;
- II Mərhələ – mayın 1-dən mayın 16-dək aşağıdakıları
qeydiyyatdan keçirmək mümkün olacaq:
a) Əgər qeydiyyatdan keçmək istədikləri məktəbdə uşağın qardaşı və
ya bacısı təhsil alırsa;
b) Valideyni/qəyyumu qeydiyyatdan keçmək istədikləri məktəbdə
işçidirsə;
c) Ailədən iki və daha çox uşaq eyni vaxtda birinci sinfə daxil
olursa.
- III mərhələ – ümumi qeydiyyat mayın 20-dən başlayacaq
və iyunun 13-dək davam edəcək.
Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin
register.emis.ge rəsmi internet saytında aparılacaq. Qeydiyyat
valideyn/qanuni qəyyum tərəfindən həyata keçirilir. Elektron
qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün zəruri sənədlərin təqdim
edilməsi iyunun 14-dən iyunun 25-dək aparılacaq. Göstərilən
müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq
ləğv ediləcək.
- IV mərhələ – iyunun 27-dən iyulun 12-dək məktəblərdə
həyata keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə
qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən
şagirdlər qalan yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə
qeydiyyatdan keçəcəklər.