Bugün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. 28 May 1918-ci
il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür.
2017-ci il mayın 16-da Prezident İlham Əliyev "Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd
edilib.
Xatırladaq ki, 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi
qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar
İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı
xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk
dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları
tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz
qoyub.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq
Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət
və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski
idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.
Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə –
Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət
Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və
qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və
qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli
ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər,
beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan
istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin
etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti
təmin edib.
Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk
dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında
Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul
edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin
bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.
Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına
çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq
devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz
tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə
baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet
İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini
elan etdi.