İğtişaşın qarşısını alarkən Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami rayon Polis İdarəsinin rəis müavinləri şəhid olublar
00:18 / 11.07.2018
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi
Xidmətinin birgə məlumatı
Bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini
yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati
binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa
cəhd göstərib. APA-nın xəbərinə görə, bu barədə Respublika Baş
Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi
Xidmətinin birgə məlumatında bildirilir.
Məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis
əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd
hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və
kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət
göstəriblər.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə
onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri
tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları
qaçaraq ərazini tərk ediblər.
Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin
mərkəzində asayiş tam bərpa edilib.
"Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən
xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər
Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar
Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis
polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici
alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar" deyə,
məlumatda qeyd olunur.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci
maddələri ilə cinayət işi başlanılıb.