Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü gözlənir
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində görüşü gözlənir.

Azərbaycan XİN nazirin Almaniyaya yola düşməsi və səfərin proqramı barədə məlumat yayıb.

Onların görüşü fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı zamanı Almaniya Kansleri Olaf Scholz-un vasitəçiliyi ilə bir araya gəlmiş Azərbaycan və Ermənitan liderlərinin ikitərəfli görüşündə razılaşdırılıb.

Ceyhun Bayramov və Ararat Mirzoyanın Berlində iki ölkə arasında sülh danışıqlarını davam etdirməsi nəzərdə tutulub.

Azərbaycanın xarici ilər naziri Ceyhun Bayramov bazar ertəsi yerli mediaya açıqlamasında bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlarda “bəlli fasilə” yaransa da, mətn üzərində iş davam etdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi çıxışında Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

“Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - İlham Əliyev Qarabağda Xocalı şəhərində çıxışı zamanı deyib.

Prezident Əliyev bundan əvvəl bildirib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın konstitusiyasında öz əksini tapıb.

O bəyan edib ki, Ermənistan öz konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, iki ölkə arasında sülh əldə ediləcək.

Rəsmi Yerevanın Əliyevin son çıxışına hələlik şərhi yoxdur. Amma Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Bu arada, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir daha etnik ermənilərin Qarabağdan deportasiyasını “etnik təmizləmə” kimi təsvir edib. Erməni nazir bu açıqlamasını Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin prezidenti Mirjana Spoljaric Egger ilə ayrı-ayrılıqda keçirdiyi görüşdə dilə gətirib.

Rəsmi Bakı “etnik təmizləmə” iddialarını rədd edərək, hökumətin reinteqrasiya proqramı təqdim etməsinə rəğmən, Qarabağ ermənilərinin Azərbaycanı könüllü tərk etdiklərini bildirib.

Mənbə: bbc.com/azeri
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər