Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qiorqi Amilaxvarinin
qərarına əsasən, 2024-2025-ci tədris ilindən etibarən
dövlət təhsil qrantı ilə gürcü dili hazırlığı proqramına (1+4)
daxil olan tələbələrin maliyyələşdirilməsi iki dəfə artırılıb – bu
barədə Nazirlik sosial media hesabından məlumat yayıb.
Verilən məlumata görə, hər il 100 erməni və 100 azərbaycandilli
tələbə əvəzinə 200 erməni və 200 azərbaycanlı tələbənin təhsil
haqqı maliyyələşdiriləcək.
Qeyd edək ki, azərbaycan və ermənidilli testlərin nəticələrinə
əsasən “1+4” təhsil proqramına daxil olan tələbələrin
maliyyələşdirilməsi hər etnik qrup üçün 450 000 lari təşkil edirdi.
Hər il maliyyələşmənin miqdarı daha da artacaq.
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əsas
prioritetlərindən biri etnik azlıq nümayəndələri üçün təhsilə
əlçatanlığın artırılmasıdır. “1+4” təhsil proqramı çərçivəsində
tələbələrin maliyyələşdirilməsinin iki dəfə artırılması da bu
məqsədə xidmət edir.
Bildiyiniz kimi, “1+4” təhsil proqramı etnik azlıq nümayəndəsi olan
abituriyentlər üçün xüsusi güzəşt siyasəti çərçivəsində həyata
keçirilir və onlara sadələşdirilmiş qaydada ali təhsil
müəssisəsində təhsilini davam etdirmək hüququ əldə etmək və müəyyən
təhsil proqramını mənimsəməzdən əvvəl gürcü dili üzrə biliklərini
təkmilləşdirmək imkanı verir. O cümlədən, qeyd olunan tələbələr
“1+4” təhsil proqramı çərçivəsində ana dilində qabiliyyət
imtahanını verərək istədikləri universitetdə təhsil ala
bilərlər.
Tələbələr üçün “1+4” təhsil proqramı sadələşdirilmiş qəbul
qaydaları ilə yanaşı, maliyyələşdirməni də əhatə edir. Tələbələr
ana dilində imtahandan müvəffəqiyyətlə keçərsə, gürcü dili
hazırlığı proqramında və eləcə də, bakalavr pilləsində təhsil
haqları maliyyələşdirilir.