Sadaxlı 1 saylı ictimai məktəbində Novruz bayramı qeyd olundu
Bu gün, 15 mart tarixində Marneuli bələdiyyəsinin Sadaxlı kəndində Novruz bayramı qeyd olundu. Bayram tədbiri 1 saylı ictimai məktəbin həyətində baş tutdu. Məktəbin həyəti bayram əhval-ruhiyyəsində bəzədilmişdi.

Süfrələrə Novruzun rəmzlərindən olan səməni, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş xonçalar düzülmüşdü. Səhnədə fətir bişirmək, nehrə, yun əyirmək kimi adətlər iştirakçılar üçün nümayiş olundu.

Məktəblilərin iştirakı ilə qara zurnanın sədaları altında güləş və balaca aşıqların çıxışları iştirakçılar maraqla qarşıladılar.

Bundan sonra isə səhnəyə Bahar qızı, Kosa və Keçəl dəvət olundu. Onlar öz çıxışları ilə oraya toplaşanları əyləndirdilər.

Tədbirdə Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Parlament üzvü Ruslan Hacıyev, Bələdiyyə Məclisinin deputatı Rövşən İskəndərov və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram tədbirinə şagirdlərin hazırladıqları milli rəqslər, musiqilər və səhnəciklərlə yekun vuruldu.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər