Xalq müdafiəçisi Marneuli mədəniyyət evinin fəaliyyətində dini ayrı-seçkilik əlamətlərinə rast gəlməyib

Gürcüstan xalq müdafiəçisi Marneuli mədəniyyət evinin fəaliyyətində dini ayrı-seçkilik əlamətlərinə rast gəlməyib.



Marneulili fəal Samirə Bayramova 2019-cu ilin fevral ayında xalq müdafiəçisi aparatına mədəniyyət evi tərəfindən dini ayrı-seçkiliyə yol verilməsi ilə bağlı ərizə ilə müraciət edib.

“Samirə Bayramova ərizəsində mədəniyyət evi tərəfindən dini ayrı-seçkiliyə yol verildiyini bildirirdi, o, həmçinin qeyd edirdi ki, mədəniyyət evi müsəlman icmasının heç bir dini bayramının təşkilatçılığını həyata keçirmir”, – xalq müdafiəçisinin mədəniyyət evinə göndərdiyi qərarda deyilir.

Bayramovanın ərizəsində qeyd edilmişdi ki, mədəniyyət evinin əməkdaşları və rəhbəri tərəfindən “Facebook”da nifrət dili və irqi ayrı-seçkilik məzmunlu şərhlərə yol verilir.

Xalq müdafiəçisi bu məsələ ilə bağlı araşdırmalara başlayıb və müəyyən edib ki, tərəflərin təqdim etdiyi dəlillərdən ayrı-seçkilik faktına yol verilmədiyi aydın olub.

“Həmçinin, xalq müdafiəçisi hesab edir ki, mədəniyyət evinin əməkdaşları tərəfindən yazılmış şərhlər diskriminasiyaya təşviq kimi də dəyərləndirilə bilməz. Çünki həmin şərhlər ümumi xarakter daşıyır və konkret şəxsə və/və ya şəxslərdən ibarət qrupa qarşı zorakılığa çağırış məzmunlu deyil” – Xalq müdafiəçisi tərəfindən mədəniyyət evinə göndərilmiş qərarda yazılıb.

Marneuli mədəniyyət evi xalq müdafiəçisinin qərarını bu gün, 11 sentyabr tarixində “Facebook” səhifəsində yayımlayıb.

Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd etdi ki, o, xalq müdafiəçisinin qərarı ilə bağlı mədəniyyət evinin “Facebook”dakı paylaşımından sonra xəbər tutub və hələ ki xalq müdafiəçisi ona hər hansı rəsmi qərar göndərməyib.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər