Marneulinin majoritar deputatları Ruslan Hacıyev və Tamaz
Naveriani “Marneuli” radiosu ilə söhbətləri zamanı Marneulinin
sabiq meri Temur Abazovun namizədliklə bağlı sözlərinə münasibət
bildirdi.
Abazov “Gürcü Arzusu”-nun ona proporsional siyahıya daxil olmaq
təklif etdiyini demişdi.
Ruslan Hacıyev Abazovun bəyanatını gülüşlə qarşılayıb.
“Cənab Temur siyahını əvvəlcədən haradan bilir. Bu
qeyri-ciddi bəyanatdır və bununla bağlı artıq söz deməyə ehtiyac
duymuram”, – Ruslan Hacıyev bildirdi və qeyd etdi ki,
partiya liderləri proporsional siyahılarla bağlı yekun qərarı güman
ki, avqustun sonu, yaxud sentyabrın əvvəlində qəbul edəcəklər.
Majoritar deputat Tamaz Naverianinin sözlərinə görə, “Gürcü Arzusu”
artıq Temur Abazovun məsələsi ilə bağlı münasibət bildirib və o,
həmin bəyanatı dəstəkləyir.
“Düşünmürəm ki, partiya bir bəyanatı verib, başqa bir
şey həyata keçirməz. Bu məsələ partiyanın və partiya liderlərinin
verəcəyi qərardır”, – Tamaz Naveriani dedi.
“Gürcü Arzusu”-ndan Marneulinin keçmiş meri Temur Abazovun
proporsional siyahıya daxil edilməsi təklifini inkar edirlər.
Abazov Prokurorluq tərəfindən 2018-ci ilin 14 iyun tarixində
Marneuli sakini Elçin Allahveridyevə qarşı qeyri insani rəftarda
ittiham olunmuşdu. 2018-ci ilin 13 dekabrında isə o, 10 000 lari
girov qarşılığında azadlığa buraxılmışdı.
Marneuli merinə qarşı Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci
hissəsinin “a” bəndi ilə iş qaldırılmışdı. Həmin maddə dövlət
məmuru və ona bərabər şəxsin təhqiredici və qeyri insani rəftarını
nəzərdə tutur. 6 sentyabr tarixində Marneuli merinin ittihamı
ağırlaşmışdı. İstintaqa 25, 157.1 maddəsinin birinci və ikinci
hissələri də əlavə olunmuşdu. Həmin maddə şəxsi həyatı təsvir edən
materialın əldə edilməsi, təşkili, internet və sosial şəbəkələrdə
yayımlanmasını nəzərdə tutur.
Məhkəmə Temur Abazova 12 fevral tarixində bəraət qazandırıb.