Uşaqların və dünyasını dəyişənlərin şəkillərini paylaşmasınlar! – Marneulidəki faciədə həyatını itirən qadının qohumunun müraciəti
“Mən hər kəsə müraciət etmək istəyirəm ki, uşaqların və dünyasını dəyişənlərin şəkillərini paylaşmasınlar!” – 26 iyun tarixində Marneulidə baş verən faciədə həyatını itirən qadının qohumu Şükür Alagözov “Marneuli” radiosunda yayımlanan “İcmal” verilişində hadisəni şərh edərkən deyib.

Onun sözlərinə görə, hadisə baş verdiyi gündən etibarən sosial şəbəkələrdə insanlar tərəfindən həyatını itirənlərin və xəsarət alan azyaşlıların şəkilləri, videoları paylaşılır. O, paylaşım edənlərin bu addımını qeyri-səmimi adlandırdı.

Alagözov deyir ki, 29 iyun tarixində hadisə zamanı xəsarət alan azyaşlıların vəziyyətinin ağır olması ilə bağlı xəbərlər yayılıb. Lakin onların vəziyyəti hazırda ağır deyil, əksinə, yaxşıdır. Şükür Alagözov bu kimi mövzularda insanları daha diqqətli olmağa çağırıb.

“Dünən yalan məlumatlar yayıldı ki, uşaqların vəziyyəti pisdir və şəkillər də yayıldı. Mən hər kəsə müraciət etmək və bildirmək istəyirəm ki, uşaqların vəziyyəti yaxşıdır. Uşaqların şəkillərini paylaşmasınlar. Eyni zamanda dünyasını dəyişənlərin şəkillərini paylaşmasınlar. Çünki bu onların ailə üzvləri üçün çox ağır bir vəziyyətdir və onları yaxşı olar ki, paylaşmasınlar. Bütün videoları, şəkilləri silsinlər. Başsağlığı bildirmək üçün isə zəng vura bilərlər. Birbaşa ailənin yanına gələ bilərlər. Sosial şəbəkə vasitəsi ilə şəkil paylaşmaq o qədər də səmimi deyil”.


“Marneuli” radiosunun məlumatına görə, həkimlər iki uşağın vəziyyətini stabil qiymətləndirirlər. Yeniyetmələrdən biri Tbilisidə, “Amtel Hospital”-da reanimasiya şöbəsindədir. Klinikanın pediatr xidmətinin rəhbəri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, uşaq protokolla nəzərdə tutulmuş müalicəni alır.

Daha bir yeniyetmə “Aversi” klinikasında müalicə alır. O, da hadisə zamanı yüngül xəsarət alıb. Klinikanın menecerinin sözlərinə görə, xəstənin vəziyyəti stabildir və hələ müalicəyə ehtiyac var.

Bədbəxt hadisə zamanı xilas edilmiş körpə isə Tbilisidə, “Jerarsi” klinikasının reanimasiya şöbəsində həkimlərin müşahidəsi altındadır. Tibb müəssisəsindən uşağın vəziyyətinin çox ağır olduğunu bildiriblər. Onun ağır vəziyyətinə, ana bətnində olan zaman ürək inkişafının ağır anomaliyası da əlavə olunub. Klinikanın Kardio-reanimasiya Şöbəsinin rəhbəri Qia Bibilaşvilinin sözlərinə görə, həkimlər xəstəyə növbəti tibbi müdaxilə edilmə məsələsi planlaşdırmaq üçün vəziyyətin yaxşılaşmasını gözləyirlər.

Marneulidə, Nərimanov küçəsində eyvanların uçması nəticəsində iki qadın dünyasını dəyişib. Onlardan biri hamilə olub. Həkimlər hamilə qadının körpəsini xilas edə biliblər.

DİN-dən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə tikinti, mədən və ya başqa işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.
Print Email
FaceBook Twitter Google