Meriyada aparılan islahatların səbəbi barədə hələ də açıqlama verilməyib
Marneuli meriyasında struktur dəyişiklikləri aparılır. “Marneuli” radiosuna bir neçə xidmət rəhbərinin vəzifəsini tərk etməsi və başqa vəzifəyə təyin olunması barədə məlum olub.

Meriyanın xidmət rəhbərlərinin dəyişdirilməsini Marneuli merinin müavini Roin Dekanoidze “Marneuli” radiosuna təsdiq edib. O, bildirdi ki, dəyişikliklər hələ davam etdirilir. Dekanoidze əlavə şərh verməkdən çəkindi və bildirdi ki, bu mövzu ilə bağlı yalnız Marneuli meri Kənan Ömərov danışa bilər.

Bu gün, 7 sentyabr tarixində “Marneuli” radiosunun jurnalistləri Marneuli meriyasında aparılan struktur dəyişiklikləri haqqında məlumat almaq üçün meriyaya gediblər. Bizə xidmət rəhbərləri və ya meriya əməkdaşları ilə söhbət etməyə imkan vermədilər. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri bildirdi ki, mer və Bələdiyyə Məclisinin rəhbəri Polşaya gediblər və bazar ertəsi, 12 sentyabra qədər bu mövzuda şərh verə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, biz dəfələrlə Marneulidə olduğu zaman merdən müsahibə almağa cəhd etdik.

Meriyanın vəzifəsini dəyişmiş xidmət rəhbərlərinin siyahısını sizə təqdim edirik. Qeyd edək ki, bu məlumatı “Marneuli” radiosu müxtəlif mənbələrdən əldə edib. Meriyadan isə məlumatı nə təsdiq, nə də təkzib edirlər.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov dəyişikliklərdən sonra merin köməkçisi olub. O, özü bu barədə məlumatı təsdiq etdi. Maliyyə-Büdcə Xidmətinə kimin rəhbərlik edəcəyi məlum deyil.

Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Qiorqi Meurmişvili təsdiq etdi ki, Hərbi Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri Vaja Şubitidzenin vəzifəsini tutub. Vaja Şubitidze isə (dəqiqləşdirilməmiş məlumata görə) Marneuli Bələdiyyə Məclisi sədrinin məsləhətçisi vəzifəsini tutub.

Mənbədən “Marneuli” radiosuna verilmiş məlumata görə, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin yeni rəhbəri olaraq Nino Dekanoidze təyin olunub. O, Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri idi. İnzibati Xidmətin rəhbəri vəzifəsini isə Mamuka Şubitidze yerinə yetirəcək. Şubitidze bizimlə söhbəti zamanı bildirdi ki, bu vəzifəyə müsabiqə elan olunacaq və xidmətin yeni rəhbəri müsabiqə əsasında seçiləcək.

Mənbədən verilmiş məlumata görə, meriyanın Nəzarət Xidmətinin rəhbəri Qela Mumladze də vəzifəsini tərk edib. O, Marneuli merinin köməkçisi olub.

6 sentyabrda Marneuli meri Kənan Ömərov meriyanın xidmət və şöbə rəhbərləri ilə işgüzar görüş keçirib. Görüş barədə “Marneuli” radiosuna ənənəvi olaraq məlumat verməyiblər. Görüş barədə məlumat meriyanın "Facebook" səhifəsinə yerləşdirilib. Ancaq aparılan islahatlar barədə məlumat bu paylaşımda da qeyd olunmayıb.

Administrasiya yerli özünüidarədə aparılan dəyişikliklərlə heç öz platformaları vasitəsi ilə əhalini tanış etməyib, “Marneuli” radiosunun suallarına da cavab vermirlər.

Print Email
FaceBook Twitter Google