Marneulinin su təchizatı sisteminin tikintisi bərpa olunacaq
Marneuli su və kanalizasiya sisteminin tikinti işləri davam etdirilir. 8 sentyabrda “Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti” məlumat yayımlayıb ki, layihənin davam etdirilməsi ilə bağlı müqavilə artıq bağlanıb.

“Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti” Marneulinin su və kanalizasiya, eləcə də Bolnisinin kanalizasiya sisteminin, kollektorun tikintisini davam etdirir. Layihəni beynəlxalq tenderdə qalib gəlmiş iki şirkət həyata keçirəcək.

Müvafiq müqaviləni “Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin” direktor müavini Quqa Kakabadze və müqavilə bağlayan şirkətlərin nümayəndələri, “China Geo - Engineering Corporation’’ (CGC) –in regional direktoru Çenqjou He və ‘’POLAT Yol Yapi Sanayi ve Ticaret Anonim Sirkei’’-nin maliyyə meneceri Güni Beldirim imzalayıb – məlumatda deyilir.

Marneuli su və kanalizasiya sistemi, Bolnisinin kanalizasiya sisteminin tikinti işləri 6 müstəqil layihə olaraq həyata keçiriləcək. Birləşmiş Su Təchizatı şirkətinin bəyanatında qeyd olunub ki, şirkətlər işləri 15 aya başa vurmalıdırlar.

Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və bunun üçün 47 003 251 dollar ayrılıb.

Qeyd etmək lazımdır ki, Marneulidə su təchizatı sisteminin dəyişikliyi barədə hələ 2018-ci ildən müzakirə aparılırdı. 4 il əvvəl, Marneuli bələdiyyəsinin 35 200-ə qədər sakininə, 24 saat ərzində içməli su veriləcəyi ilə bağlı vəd vermişdilər. Layihənin həyata keçirilməsinə Marneuli şəhəri və kəndlərdə 2019-cu ildən başlanılıb. Yollar qazıldı, borular çıxarıldı, infrastruktura ziyan dəydi, sıradan çıxmış yollara görə ictimai nəqliyyat və yerli sakinlərin maşınları xarab oldu. Layihə “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin martına qədər başa çatdırılmalı idi. Ancaq şirkət götürdüyü öhdəliyi yerinə yetirə bilmədi və buna görə 55 940 022 dollar dəyərində layihə dayandırılrdı. “Akelik Group” əməkdaşların maaşını ödəmədi və buna görə şirkətə qarşı məhkəmə işləri də başladı. Nəticədə şirkətə 9 əməkdaşa maaş ödənilməsi öhdəliyi qoyuldu.

Print Email
FaceBook Twitter Google